Azərbaycan sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin
etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində fəaliyyətlər davam
etdirilir.

DSX-dən AzerTimes-a bildirilib ki, may ayının 31-də saat 03:10
radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən
sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən
Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət
sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd
zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi
qapadılmışdır.

Həyata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa
cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan Respublikası
vətəndaşı saxlanılmışdır.

Araşdırma zamanı onların Gürcüstan ərazisində dilənmə məqsədilə
dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri
müəyyənləş­dirilmişdir.

Ötən müddətdə bu kateqoriyadan olan şəxslər barəsində dövlət
sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi
başlanılaraq ibtidai istintaq aparılmış, azyaşlılar aidiyyəti üzrə
icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların
hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı
ilə müvafiq aktla valideynlərinə təhvil verilmişlər.

Dövlət sərhədinin qanunsuz keçilməsinin cinayət tərkibli əməl
olması, uşaq əməyinin istismarı və azyaşlıların avaraçılığa cəlb
edilməsinə görə hüquqi məsuliyyət daşımaları, eləcə də azyaşlı
uşaqların gecə vaxtı, vəhşi heyvanların olduğu ərazilərdən
keçirilməsinin onların həyatlarına təhlükə, emosional-psixoloji
durumlarına sarsıntı olması barədə valideyn­lərlə dəfələrlə
izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu kimi cəhdlərin
təkrarən baş verməsi müşahidə olunur.

Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə
birlikdə bu kateqoriyadan olan sərhəd pozucularının dövlət
sərhədini pozma cəhdlərinin qarşısının alınması üzrə tədbirlər
davam etdirilir.

Teqlər: