Azərbaycan postmünaqişə dövründə qoyulan hədəfə uğurla çatıb

Prezident İlham Əliyevin xarici siyasətinin prioritet istiqaməti
böyük Zəfərin leqallaşdırılması, postmünaqişə dövründə reallıqların
individual olaraq dövlətlərə, beynəlxalq aktorlara, güc
mərkəzlərinə, beynəlxalq təşkilatlara qəbul etdirilməsi idisə,
hazırda Zəfərimizə olan münasibət, mövcud durum bu hədəfə uğurla
çatmağımızdan xəbər verir.

Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, üstəlik, o faktları da nəzərə alaq ki, hətta
Ermənistan parlamentində deputatlardan biri “Artsax” bayrağını
tribunaya qaldıran zaman bu bayraq başqa bir deputat tərəfindən
aşağı salındı və Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə
çıxışı zamanı artıq reallıqlarla barışılmalı olduğunu bildirdi.

“Paşinyanın Qarabağ məsələsinin ərazi deyil, hüquq məsələsi
olmasını söyləməsi göstərdi ki, o, Ermənistan cəmiyyətinə
Azərbaycanla sülh sazişinin məzmununun nədən ibarət olacağı ilə
bağlı hazırlıq mesajları ötürür. Paşinyan onu da etiraf etdi ki,
regionda Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü
tanımamaq onlar üçün təhlükədir. Deməli, Qərb dairələri açıq
şəkildə Ermənistana aydın mənzərəni izah edib ki, biz sizə kömək
edə bilmirik. Bir sözlə, Ermənistana Qərbdən olan dəstəyin həcmi
əhəmiyyətli dərəcədə azalıb. Bütün bu real və konret faktlar heç
şübhəsiz ki, cənab Prezident İlham Əliyevin ən incə detalına qədər
hesablanmış çevik və məqsədyönlü diplomatiyasının aydın təzahür
formasıdır ki, bütün bu caqlardan və tərəflərdən baxıldığı zaman
yaratdığımız reallıqlardan kənar bir reallığın mövcud olmaması
görünən yeganə mənzərədir”, – deyə Ş.Həsənova bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Brüssel səfəri,
səfərdən əldə olunan nəticələr, yekun kommunikedə Azərbaycanın
milli və dövlət maraqları əleyhinə bir kəlmənin belə mövcud
olmaması dövlət başçımızın prinsipial mövqeyinin, milli maraqları
prioritet kimi müəyyənləşdirməsinin nəticəsidir.

“Reallıq odur ki, Ermənistan zəif, Azərbaycan isə güclü
dövlətdir. Biz gücümüzü daha da artırır, bu istiqamətdə konkret
addımlar atırıq. Belə ki, hərbi sahəyə ayrılan böyük diqqət
nəticəsində Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük
müqavilələr imzalanıb.

Hadrutda yaradılan Komando birliklərinin və xüsusi
təyinatlıların formalaşdırılması, Azərbaycan ordu modelinin Türkiyə
ordusu modelində qurulması davam etdirilir. Hətta Ermənistan bir
neçə varianta əl atmağa cəhd etsə də, Türkiyə və Azərbaycanla
gələcək münasibətləri uzlaşdırmayıb, konstruktiv mövqe tutmasa da
nəticə heç bir halda dəyişən deyil. Bu məqsədyönlü siyasət cənab
Prezident İlham Əliyevin bütün mümkün variantlara verilə biləcək
proaktiv diplomatiyasının və yanaşmasının aydın təzahür
formasıdır.

Etimad mühitinin yaradılması istiqamətində önəmli addımlar
atılır. Baş tutan vasitəsiz, birbaşa təmaslar bundan sonra da
vasitəçilərsiz davam etdirilməlidir. Türkiyə də hər zaman bildirir
ki, İrəvanla yüksək səviyyəli təmaslar vasitəçilərsiz
aparılmalıdır. Bu gün Ermənistanın inkişafı üçün bir yol var. Bu
yol da Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan
keçir. Bu uzaqgörən siyasətin müəllifi isə dövlətimizin başçısı
cənab İlham Əliyevdir”, – deyə politoloq əlavə edib.

Teqlər: