Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 6 il ötür

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 6 il ötür.

AzerTimes-ın məlumatına görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən
gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və
yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü
artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə
yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16
yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır
yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi
mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi.
232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik
yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı.
Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial
müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan
raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli
artilleriya mərmiləri ilə vuruldu.

Erməni təxribatının qarşısının alınması, mülki əhalinin
təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı
Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və
Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin
keçirilməsi barədə qərar qəbul edildi.

Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı
Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə
təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə
də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində
yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji
əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin
aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri
Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını
təmin etdi.

Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu
və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320
hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan
qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə
əməliyyatlar dayandırıldı.

Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000
hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox
ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan
Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda
möhkəmləndirmə işləri həyata keçirdi.

Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin Orduya göstərdiyi diqqəti, Silahlı
Qüvvələrimizin yüksək doyüş qabiliyyətini, eləcə də işğal edilmiş
ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi.
Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni
işğalından azad edilməsinin başlanğıcı qoyuldu.

Uğurlu Aprel qələbəsindən sonra daha da ruhlanan Azərbaycan
Ordusu iki il sonra daha böyük zəfər qazandı.

Aprel döyüşləri 2020-ci ilin sentyabrın 27-də başlanan
Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən
müharibəsində Böyük Qələbəmizə gedən yolda açar rolu oynadı. Aprel
döyüşlərində düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan
Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da
artırdı. Aprel döyüşlərində qazanılan təcrübəni ikinci Qarabağ
müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu
düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.

İkinci Qarabağ müharibəsində Böyük Qələbəni cəmi 44 gündə
qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı
Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş
taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən
dərindən öyrənilir və təqdir olunur.

Bu gün hər bir azərbaycanlı altı il əvvəl Lələtəpədə ucaldılan
üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər
ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır.

Teqlər: