Ankara Ukraynada təhlükəsizliyin təminatçısı olmaq təşəbbüsünə müsbət baxır – İbrahim Kalın

Ankara Ukraynada təhlükəsizliyin təminatçısı olmaq təşəbbüsünə
müsbət baxır.

AzerTimes-ın məlumatına görə, bunu TRT Haber-ə müsahibəsində Türkiyə
Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Biz hazırda təminatçı mərhələsində deyilik, lakin bu təşəbbüsə
müsbət baxırıq. Biz Ukrayna və Rusiyanın həm danışdıqları, həm də
güvəndikləri nadir ölkələrdən biriyik”, – deyə İ.Kalın
bildirib.

Onun sözlərinə görə, bu anlamda son vaxtlar gündəmə gələn ən
önəmli ölkə Türkiyədir.

“Danışıqları aparan nümayəndə heyətləri İstanbula gəlməmişdən
əvvəl də biz onlarla təmasdaydıq”, – deyə Türkiyə Prezidentinin
mətbuat katibi qeyd edib.

İ.Kalın bildirib ki, Türkiyənin Qərb dostları da ölkənin
balanslı mövqeyini başa düşür. “Hamı Rusiya ilə körpüləri yandırsa,
onlarla kim danışacaq? Birləşmiş Millətlər Təşkilatında
sanksiyalarla bağlı heç bir qətnamə qəbul edilməyib. Rabitə
kanalının açıq qalması baxımından Türkiyənin sanksiyalar tətbiq
etməməsi vacib idi”, – deyə İ.Kalın əlavə edib.

Onun sözlərinə görə, Türkiyənin əsas məqsədi bu qarşıdurmaya son
qoymaqdır. “Biz Boğazları və Qara dənizi hərbi əməliyyatlardan
kənarda saxladıq. Türkiyənin töhfəsi hər kəs tərəfindən təqdir
edilir”.

Avropanın enerji təhlükəsizliyindən danışan İ.Kalın, bunun
növbəti onilliklərin ən vacib məsələlərindən biri olacağını
vurğulayıb.

Teqlər: