Azərbaycan könüllülük modeli İslam Əməkdaşlıq Təşkilatı ölkələrində tətbiq olunacaq

İslam İnkişaf Bankının (İİB) təşəbbüsü ilə İİB nümayəndələrinin
Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ)
ilə görüşü keçirilmişdir. Görüşdə ölkəmizin zəngin könüllü
təcrübəsinin İslam Əməkdaşlıq Təşkilatı ölkələrində tətbiq olunması
müzakirə edilmişdir.

İİB nümayəndələri Azərbaycan könüllülük modelini ötən ilin
dekabrından etibarən tədqiq edərək yüksək qiymətləndirdiklərini,
xüsusilə də gənclərin fərdi inkişafı və dövlət qurumlarına dəstək
baxımından effektiv mexanizm kimi dəyərləndirdiklərini
bildirmişlər. Bu baxımdan bu təcrübənin digər ölkələrdə tətbiqinə
İİB tərəfindən dəstək verilməsi qərara alınmışdır.

Görüşdə qeyd olunmuşdur ki, son on ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə Azərbaycanda
könüllü hərəkatı geniş vüsət almış və ictimai maarifləndirmə,
dövlət xidmətlərinin vətəndaşlara çatdırılması, ətraf mühitin
mühafizəsi, incəsənət, mədəniyyət, turizm və digər sahələrdə on
minlərlə könüllünü özündə birləşdirən 21 könüllü təşkilatı və
hərəkatı formalaşmışdır. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa
Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula -1”
qran-pri yarışları və digər irimiqyaslı mötəbər tədbirlərin
təşkilində könüllülər aparıcı rol oynamışlar.

Bununla yanaşı, könüllülər ölkəmiz üçün taleyüklü məsələlərdə də
dövlət qurumlarına dəstək verirlər. Buna misal kimi, 2020-ci ildən
etibarən dövlət başçısının çağırışına uyğun olaraq, gənclər könüllü
qismində pandemiya ilə mübarizədə səhiyyə və hüquq mühafizə
işçiləri ilə çiyin-çiyin ictimai maarifləndirmə fəaliyyətini həyata
keçirmiş, sosial həssas kateqoriyadan olan vətəndaşlara yardımların
çatdırılmasında iştirak etmişlər. Həmçinin, II Qarabağ müharibəsi
dövründə erməni hücumundan zərər çəkmiş ailələrin dəstəklənməsində
fəal olmuşlar.

Görüşün sonunda könüllü sahəsində azərbaycanlı mütəxəssislərin
və təşkilatların hədəf ölkələrə İİB-nin dəstəyi ilə təcrübə və
araşdırma səfərlərinin təşkil edilməsi və Azərbaycan könüllülük
modeli əsasında könüllülük platformalarının yaradılması
razılaşdırılmışdır.

Teqlər: