“AZAL” və Polşanın “LOT” aviaşirkəti əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Baş əməliyyat direktoru Matsey Vilkin başçılığı ilə Polşanın “LOT” aviaşirkətinin nümayəndə heyəti “Azərbaycan Hava Yolları”nın
dəvəti ilə Bakıya işgüzar səfərə gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki,
fevralın 24-də AZAL-ın ofisində keçirilən görüşdə AZAL-ın
vitse-prezidenti Eldar Hacıyev və “LOT” aviaşirkətinin baş
əməliyyat direktoru Matsey Vilk əməkdaşlığın perspektivlərini və
mülki aviasiyanın aktual məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər həmçinin epidemiya əleyhinə
məhdudiyyətlərdən çıxmaq üçün aviaşirkətlər tərəfindən görülən
ardıcıl tədbirlər və sərnişin reyslərinin mərhələli şəkildə bərpa
edilməsi haqqında məlumat veriblər.

Eldar Hacıyev qeyd etmişdir ki, birbaşa hava əlaqəsinin açılması
iki ölkə arasında turizim və işgüzar münasibətlərin inkişafı üçün
əlavə stimul olacaqdır.

Onun sözlərinə görə, 2020-ci ilin yanvar ayından Azərbaycanın
bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli
“hava azadlığı” rejimi tətbiq olunur. “Bu dərəcələr bütün xarici
aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya
və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan
uçuş icra etmək imkanı verir”, – deyə Eldar Hacıyev qeyd edib.

Matsey Vilk Polşada xaricilərin girişinə qoyulan bir sıra
koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda “LOT”
aviaşirkətinin Varşavadan Bakıya birbaşa reyslərinin açılmasında
maraqlı olduğunu bildirib.

Qonaqlara beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun
imkanları, xüsusilə təyyarələrə göstərilən yerüstü xidmətlər,
müxtəlif xidmətlərin fəaliyyəti və aerovağzal kompleksində
sərnişinlər üçün yaradılmış rahat şərait də nümayiş etdirilib.

Teqlər: