Azərbaycan komandası Dünya Kubokunda beş halqa ilə qrup hərəkətlərində birinci yeri tutub

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda beş
halqa ilə qrup hərəkətləri üzrə Azərbaycanı təmsil edən komanda
birinci yeri tutub.

AzerTimes-ın
məlumatına görə, beş halqa ilə hərəkətlər proqramını Güllü
Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və
Daria Sorokinadan ibarət komanda təqdim edib. Komanda nəticədə
32.850 xal toplayıb.

İtaliya komandası ikinci (32,450 xal), İsrail komandası üçüncü
yerdədir (32,050 xal).

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur:
Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova
halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında
komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan
kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının “gümüş” medalını
qazanıb.

Teqlər: