Azərbaycan “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans”ın ilk iclasında iştirak edib

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və İsveçrə
tərəfinin təşəbbüsü ilə yaradılmış “İtkin düşmüş şəxslər üçün
Qlobal Alyans”ın ilk iclasında iştirak edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 2021-ci
il mayın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və İsveçrə
tərəfinin təşəbbüsü ilə “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans”
yaradılmış və Azərbaycan bu ilin yanvar ayında BQXK-nin dəvəti ilə
bu təşəbbüsə qoşulub.

Qeyd edilməlidir ki, ölkəmiz Alyansa BQXK prezidenti Peter
Maurerin Azərbaycanın münaqişə nəticəsində itkin düşmüş minlərlə
insanın taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq
öhdəliklərə sadiqliyi, bu məqsədlə 1990-cı illərdən başlayaraq
itkin düşmüş şəxslər barəsində məlumatların toplanması və texniki
dəstək sahəsində BQXK ilə əməkdaşlığı, eləcə də BMT Baş
Assambleyasının “İtkin düşmüş şəxslər”ə dair qətnaməsinin əsas
müəllifi kimi qlobal səviyyədə oynadığı rolun vacibliyinə vurğu
edən müraciəti əsasında qoşulub.

2022-ci il aprelin 7-də Qlobal Alyansın ilk iclası keçirilib.
İclasda Alyansa indiyədək qoşulmuş 10 dövlətin (Azərbaycan,
Argentina, Estoniya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru,
Koreya Respublikası və İsveçrə) nümayəndələri iştirak ediblər.

Tədbiri BQXK-nin vitse-prezidenti Jil Karbonye açıb, son beş
ildə dünyada itkin düşmüş şəxslərin sayının 75 faiz artaraq 173
800-ə çatdığını qeyd edib, problemə qlobal səviyyədə diqqəti cəlb
etmək və bu sahədə qlobal öhdəliklərin icrasını təşviq etmək üçün
Qlobal Alyansın yaradıldığını bildirib.

Tədbirdə ölkəmiz Xarici İşlər Nazirliyi və Cenevrədəki
diplomatik nümayəndəliyimiz tərəfindən təmsil edilmiş və tədbir
iştirakçıları Azərbaycanda itkin düşmüş şəxslər, onların taleyinin
müəyyənləşdirilməsi üçün milli səviyyədə görülən işlər, Başlıbeldə
kütləvi şəkildə qətlə yetirilmiş insanların qalıqlarının
torpaqlarımızın işğaldan azad edilməsindən sonra identifikasiya
edilməsi, Daşaltı, Edilli, Sırxavənd və Fərrux kəndlərində kütləvi
məzarlıqların aşkarlanması, ərazilərin minalarla kəskin
çirkləndirilməsinin qalıqların tapılmasına maneə törətməsi,
Azərbaycanın bu problemə beynəlxalq səviyyədə diqqəti cəlb etmək
üçün göstərdiyi səylər və bu xüsusda BMT Baş Assambleyası
tərəfindən qəbul edilən “İtkin düşmüş şəxslər” qətnaməsi barədə
məlumatlandırılıb.

Qlobal Alyansın itkin düşmüş şəxslərin taleyinin
aydınlaşdırılmasının vacibliyinə qlobal səviyyədə diqqətin cəlb
edilməsi və bu sahədə əməkdaşlığa ciddi töhfə verəcəyinə ümid ifadə
edilib.

Teqlər: