Azərbaycan-İsrail diplomatik münasibətlərinin 30-cu ildönümü ilə bağlı tədbir və sərgi keçirilib (FOTO)

8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində Azərbaycan Respublikası və İsrail Dövləti
arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü
münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
AR XİN-in rəhbər heyəti, Milli Məclisin üzvləri, İsrail-Azərbaycan
Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm
naziri Yoel Razvozov və İsrail Dövlətinin Azərbaycan
Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə
Azərbaycanın yəhudi icmasının üzvləri iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə
başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov 7 aprel 1992-ci il tarixində iki ölkə
arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə
əlamətdar hadisə olduğunu bildirib. İsrailin Azərbaycan
Respublikası ilə diplomatik münasibətlər quran ilk ölkələrdən biri
olmasını qeyd edən nazir Ceyhun Bayramov, bunun əsl dostluq və
həmrəylik nümunəsi olduğunu bildirib. Tarixən etnik-dini
zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən
Azərbaycanda heç vaxt anti-semitizmin olmadığını bildirən nazir
Ceyhun Bayramov, ölkələrimiz arasında hər zaman insani dəyərlər,
milli-dini tolerantlıq və qarşılıqlı anlaşmaya əsaslanan əlaqələrin
mövcudluğunu qeyd edib. İqtisadiyyat, turizm, ticarət, enerji,
təhsil və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq
münasibətlərinin genişləndirilməsi üçün şəraitin olduğunu bildirən
nazir Ceyhun Bayramov, həmçinin bugün beynəlxalq təşkilatlar
çərçivəsində də iki ölkə arasında səmərəli əməkdaşlığın
mövcudluğunu məmnunluqla qeyd edib.

Daha sonra çıxış edən İsrail-Azərbaycan Hökumətlərarası Birgə
Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov 30 il
ərzində Azərbaycan və İsrail arasındakı münasibətlərin inkişafında
bir çox nailiyyətlərin əldə olunduğunu qeyd edib. Müxtəlif sahələr
üzrə inkişaf edən çoxşahəli ikitərəfli münasibətlərin mövcudluğunu
məmnunluqla qeyd edən Yoel Razvozov, Bakıda keçirdiyi görüşlərdən
sonra iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi
üçün imkanların olduğunu bildirib. İsrail və Azərbaycan arasındakı
münasibətlərin dostluq və qarşılıqlı anlaşmaya əsaslandığını ifadə
edən Yoel Razvozov, İsraildə Azərbaycanın Ticarət və Turizm
nümayəndəliklərinin açılmasının iki ölkə arasında birgə iqtisadi
layihələrin həyata keçirilməsi və turizm sahəsində əlaqələrin
genişləndirilməsi baxımından önəmli addım olmasını vurğulayıb.
Yəhudi icmasının Azərbaycanda sülh və əmin-amanlıq şəraitində
yaşamasının İsraildə yüksək qiymətləndirildiyini qeyd edən Y.
Razvozov, Azərbaycanın bu baxımdan nümunəvi ölkə olduğunu
bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və arasında diplomatik
münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış
olublar.

Teqlər: