Azərbaycan ilə Bolqarıstan XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

27 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi ilə Bolqarıstan Respublikasının Xarici İşlər
Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən AzerTimes-a bildirilib ki, nümayəndə heyətlərinə Azərbaycan
tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov,
Bolqarıstan tərəfindən isə bu ölkənin xarici işlər nazirinin
müavini Vasil Georgiev rəhbərlik ediblər.

Görüşdə 5 iyun 2022-ci il tarixində ölkələrimiz arasında
diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və
bu müddət ərzində ikitərəfli münasibətlərimizin inkişafında əldə
edilmiş uğurlardan məmnunluqla bəhs edilib.

İki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən
keçirilib, müxtəlif istiqamətlərdə, o cümlədən energetika, elm və
informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, mədəniyyət
və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
üçün mövcud imkanlar müzakirə edilib. Eyni zamanda, iki ölkə
arasında ticarət-iqtisadi əlaqələrinin hazırkı inkişafı və gələcək
perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, kiçik və orta
biznes arasında birbaşa ticarət əlaqələrinin zəruriliyi qeyd
edilib.

Nazir müavini X.Xələfov Vətən müharibəsindən sonra bölgədə
yaranmış yeni siyasi reallıqlar, erməni işğalından azad edilmiş
ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan
tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr
barədə qarşı tərəfə ətraflı məlumat verib. Məcburi köçkünlərimizin
öz doğma yurdlarına layiqli şəkildə qayıda bilmələri və regionda
davamlı sabitliyin və təhülkəsizliyin təmin olunması istiqamətində
ölkəmizin səyləri haqda danışıb.

Nazir müavini V. Georgiev Azərbaycanda səfərdə olduğu müddətdə
rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərin səmərəli
keçdiyini məmnunluqla diqqətə çatdırıb. Azərbaycanın həm Cənubi
Qafqaz bölgəsində, həm beynəlxalq miqyasda mühüm və etibarlı
tərəfdaş olduğunu bildirib. O, qarşılıqlı maraq kəsb edən
irimiqyaslı iqtisadi-ticarət layihələrdə əməkdaşlıq imkanlarının
müzakirə edilməsinə ölkəsinin hazır olduğunu söyləyib. V.Georgiev
Bolqarıstanın XİN rəhbəri Teodora Qençovska tərəfindən Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun öz ölkəsinə
dəvət edildiyini məmnunluqla diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran
regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanaraq, səfərlərin
və görüşlərin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə
edilib.

Teqlər: