Azərbaycan İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərinə başlayıb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili
üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin
cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində
yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün
maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlayıb.
İnstitutun ilk səfəri Xəzər rayonuna olub.

Xəzər Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov tədbiri giriş sözü ilə
açaraq qeyd edib ki, Respublika Prezidentinin rəhbərliyi altında
ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar
dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca
istiqamətlərindən birini təşkil edir.

G.Qurbanov daha sonra Aİİ-nin yeni binasının açılış mərasiminə
diqqət çəkərək bildirib ki, təhsillə bağlı dövlət proqramlarının
hazırlanaraq həyata keçirilməsi, yeni təhsil müəssisələrinin
açılması, onların müasir avadanlıqlarla təchiz edilməsi
Azərbaycanın gələcək inkişafı üçün atılan mühüm addımlardandır.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov
ali təhsil müəssisəsinin yaranması, fəaliyyəti və qarşıda duran
hədəfləri barədə geniş məlumat verib. M.Mürsəlov İnstitutun yeni
binasının açılış mərasiminin keçirildiyini qeyd edərək, Prezident
cənab İlham Əliyevin bu mərasimdə şəxsən iştirak etməsini ölkə
başçısının dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının
bariz nümunəsi kimi vurğulayıb. O, nəzərə çatdırıb ki, İnstitutun
yeni binasında tələbələr üçün hər bir şərait yaradılıb.

M.Mürsəlov bildirib ki, İnstituta qəbul olunmuş hər bir
abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi
şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam
yararlanacaq. Həmçinin tələbələrin yemək pulu ilə təmin
ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarının
təşkili və digər üstünlüklərə sahib olacaqlarını da nəzərə
çatdırıb. Prorektor tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş
imkanları haqqında ətraflı məlumat verib.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova
təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin
hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında
geniş məlumat verib. O, İnstitutun fəaliyyəti, səfərləri, tələbələr
üçün təşkil edilən yay və qış məktəbləri barədə danışıb.

Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti
dövlət qurumlarının nüməyəndələrinə Aİİ-nin tanıtım videoçarxı,
ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Teqlər: