Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq, Azərbaycan
idmançılarının reytinq cədvəlini hazırlayıb. Reytinq xallarının
hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri
beynəlxalq yarışların təsnifatına uyğun aparılacaq. Növlər üzrə
beynəlxalq yarışlar öz reytinqinə əsasən, 4 kateqoriyaya bölünür və
həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar
hesablanır.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, siyahıda 45 idmançı
yer alıb.

Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri
üzrə (böyüklər arasında) nəzərdə tutulub.

“Azərbaycan Respublikası idmançılarının reytinq əmsalının
hesablanması haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış reytinq
cədvəli hər ay yenilənərək idmançıların və komandaların
göstərdikləri nəticələr xallarında, reytinq mövqelərində əksini
tapacaq.

Qeyd edək ki, idmançıların reytinq xalları növbəti təqvim ilinə
keçiddə sıfırlanmayacaq və cədvəl üzrə son 12 ayın nəticələri aktiv
olaraq qalacaq. Məsələn, idmançının 2023-cü ilin fevral ayının 1-də
reytinq əmsalı hesablanarkən, onun son 12 ay (1 fevral 2022 – 31
yanvar 2023) göstəriciləri nəzərə alınacaq.

Reytinqdə ilk növbədə Olimpiya Oyunlarında uğurla çıxış etmiş
idmançılara üstünlük veriləcək. Bundan sonra, idman növündən asılı
olaraq, dünya, Avropa çempionatlarının və digər yarışların
nəticələri nəzərə alınacaq.

Həmçinin bu reytinqdə sabitlik son dərəcə vacibdir. İl ərzində
sabit çıxış edən idmançı cədvəldə, böyük olsa belə, bir uğur
qazanmış idmançıdan daha yüksəkdə ola bilər.

Zərurət olduqda, reytinq əmsallarının hesablanma qaydası gələcəkdə
təkmilləşdirilə bilər.

Teqlər: