Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin CNN Türk telekanalına veridiyi müsahibə zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı dövrdə də həssas yanaşdığı məsələlərdə öz prinsipiallığını qoruyacaq, yenə də öz gücünə arxayın olacaq və bölgə üçün yaranmış yeni şəraitin bu regionda yerləşən dövlətlər üçün bir fürsətə-əməkdaşlığa, sülhə, inkişafa çevrilməsinə dəstək olacaq.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal edərək, amansız dağıntılar, isitismar, soyqırım törədən Ermənistan 44 gün ərzində layiqli cavabını aldı və nəticə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi:
“Düşünürəm ki, Prezident İlham Əliyev bundan sonrakı dövr üçün mövqeyini açıq-aydın ortaya qoydu və hər kəsi bu fikirlərdən nəticə çıxarmağa çağırdı. Burada bir neçə istiqaməti xüsusi vurğulamaq istərdim. Müzəffər Ali Baş Komandan bir daha qeyd etdi ki, Azərbaycan öz gücünə qısa müddətdə müharibədən qalib çıxdı və tarixi ədaləti bərpa etdi.
İndi isə ölkəmizin mövqeyi imzalanmış üçtərfli sənədin sona qədər icrası və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yekun sülh sazişinin bağlanmasından ibarətdir.
Bununla Azərbaycan imzaladığı sənəddə öz üzərinə düşən öhdəlikləri yerinə yetirilməsinə sadiqlik göstərməklə digər tərəfləri də buna çağırdı. Əslində hər kəsə də məlumdur ki, Azərbaycan burada qeyri-adi nəsə istəmir, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərin Ermənistan tərəfdən də tanınmasını tələb edir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev eyni zamanda Rusiya sülhməramlılarının məsuliyyət dairəsində olan Azərbaycan ərazilərində də bizim tərəfimizdən tam izlənmənin həyata keçirilməsini vurğulamaqla orada cərəyan edən bütün hadisələr barəsində məlumatlı olduğumuzu göstərdi:
“Bu məqamlara toxunmaqla ölkə başçısı bir daha və açıq şəkildə Ermənistana mesaj verdi- biz sülh tərəfdarıyıq amma hər hansı yeni aqressiya qarşı tərəf üçün fəlakətlə nəticələnəcək. Bundan başqa regionda açılacaq yeni nəqliyyat koridorlarının, xüsusilə də Zəngəzur dəhlizinin önəminə diqqət yetirilməsi Azərbaycanın bu məsələdə də prinsipial mövqedə olduğunu göstərdi. Bütövlükdə iqtisadi münasibətlərin bərpası, nəqliyyat dəhlizlərinin qısa müddətdə işə salınması bir tərəfdən region üçün böyük əhəmiyyət daşıyırsa, digər tərəfdən də iqtisadiyyatı ianələr üzərinə qurulan Ermənistan üçün yeganə çıxış yoludur.
Prezident İlham Əliyevin eyni zamanda Azərbaycanın tolerant, çoxkonfesiyalı bir dövlət olmasını, xalqların bir yerdə əsrlər boyu mehriban yaşadıqlarını xatırlaması və Rusiya sülhməramlılarının məsuliyyət zonasında Azərbaycan ərazilərində olan ermənilərə çağırış etməsi bu miilətin nümayəndələri üçün də bir şansdır. Onlar güclü Azərbaycan dövlətninin vətəndaşları kimi yaşa bilərlər”.