Azərbaycan-Gürcüstan münasibətləri tarix boyu hər iki ölkə üçün
daima strateji əhəmiyyət kəsb edib. Əlbəttə ki, ilk növbədə bu
münasibətləri Azərbaycan və Gürcü xalqlarının milli maraqları
şərtləndirir. Təqdirəlayiq haldır ki, iki qonşu dövlət arasında
olan siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə
dəstəklənir. Diqqət edirsinizsə, Azərbaycanın həyata keçirdiyi
bütün enerji və nəqliyyat kommunikasiya layihələri Gürcüstan
üzərindən realizə olunaraq Qərbə istiqamətlənir. Azərbaycan
şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatıran şirkətlər sırasında
olmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridirlər.
Bu sözləri aprel ayının 19-da Azərbaycan parlamenti nümayəndə
heyətinin Gürcüstana rəsmi səfərini şərh edərkən mətbuata verdiyi
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan və Gürcüstan
parlamentlərarası dostluq qruplarının görüşü yüksək səviyyədə baş
tutub: “Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə
Azərbaycan parlamenti nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri
gözlənildiyi kimi, səmimi şəraitdə keçdi. Səfər çərçivəsində iki
ölkənin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları üzvlərinin
görüşü də baş tutdu. İlk növbədə Gürcüstan Parlamentinin sədr
müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri
Arçil Talakvadze bizi ölkəsində salamlayaraq, belə görüşlərin
keçirilməsinin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini
qeyd etdi. O, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin
olduğunu deyərək, xalqlarımızın tarix boyu mehriban əlaqələrindən
bəhs etdi. Demək lazımdır ki, həqiqətən də istər iqtisadi, istərsə
də mədəni-humanitar sahədə iki ölkə arasında münasibətlər tarixi
baxımdan bu gün də kifayət qədər sıx və əlaqəlidir. Turizmdən
başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif
sahələrdə qarşılıqlı münasibətlər sistemi mövcuddur. İki qonşu ölkə
istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda
daima bir-birilərini dəstəkləyiblər. İkitərəfli və üçtərəfli
diplomatik formatda yeni regional əməkdaşlıq platforması yaratmağa
nail olublar”, – deyə K.Qafarov bildirib.
Daha sonra Milli Məclisin deputatı qeyd edib ki, ölkələrimiz
arasınada münasibətləri tənzimləyən vacib məqamlardan biri də
Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birilərinin ərazi
bütövlüyünü qeyd-şərtsiz tanımalarıdır: “Hazırda Gürcüstan regionda
Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Hər iki ölkədə baş
verən proseslər, geosiyasi maraqların üst-üstə düşməsi və digər
amillər əməkdaşlıq münasibətlərinin daha da yaxşılaşdırılmasına
təkan verir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra
istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə
eyni mövqedən çıxış ediblər. Münasibətlərdə ən əsas məqamlardan
biri də budur ki, Azərbaycan və Gürcüstan hər zaman qarşılıqlı
şəkildə bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz
dəstəkləyiblər. Təsadüfi deyil ki, 2020-ci ilin sentyabr-noyabr
aylarında da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək
istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də
Gürcüstan olmuşdu. Qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı
Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat
koridorunu bağlamışdı ki, bu da əsl dostluq və səmimi qonşuluq
mövqeyinin nümayişi idi. Məhz bu güclü amil belə deməyə əsas verir
ki, iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün
sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin
olunması üçün daha yaxşı perspektivlər yaranacaq. Təsadüfi deyil
ki, bu gün Gürcüstandan iki ixrac neft kəməri və iki ixrac qaz
kəmərimiz keçir. Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl,
Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASECA
kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir.
Həmin layihələr hər iki ölkəni bir-birinə strateji cəhətdən
bağlayır. Perspektivdə Şərqdən-Qərbə yükdaşımalarda Azərbaycanın
əhəmiyyətli paya sahib olmasını təmin edəcək Bakı-Tbilisi-Qars
dəmir yolu xətti qonşu ölkədən keçir. Bunu da nəzərə almaq lazımdır
ki, pandemiyadan əvvəlki dövrdə Gürcüstana gələn turistlərin
arasında Azərbaycanlılar əhəmiyyətli paya sahib olublar”.