Lahıcda XVII əsrə aid qədimi əşya oğurlanıb (FOTO)

İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən misgərlik
mağazasından və evin həyətyanı sahəsindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, naməlum şəxslər ümumi dəyəri 10 000 manata
yaxın olan – 400 illik tarixə malik məcmeyini, eləcə də ötən əsrin
əvvəllərinə aid misdən hazırlanmış qədimi məişət əşyalarını
oğurlayaraq hadisə yerindən yayınıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən
Bakı şəhər sakinləri olan qardaşlar – Murad və Timur Abdullayevlər
saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar oğurluq məqsədilə
paytaxtdan İsmayıllı rayonuna gəliblər və burada əməllərini həyata
keçirdikdən sonra oğurladıqları mis qabları Bakı şəhərinə apararaq
ayrı-ayrı metal qəbulu məntəqələrinə satıblar. Saxlanılan şəxslər
törətdikləri cinayəti etiraf ediblər və onların oğurladıqları
qablar satdıqları yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi
başlanılıb, oğurluqda əli olan digər şəxsin tutulması istiqamətində
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: