Azərbaycan güləşçisi Rafiq Hüseynov üçqat Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Avropa
çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir ki, çempionatda 82 kiloqram çəki dərəcəsində
çıxış edən R.Hüseynov startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə
üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla
qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə
etdiyi uğurlu fənd müəyyənləşdirib – 2:0. Təmsilçimiz final yolunda
moldovalı Mixail Braduya da gücünü göstərib – 2:0.

Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının
finalına yüksəlib. R.Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela
Bolkvadze olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn R.Hüseynov
üçqat Avropa çempionu olub.

Güləşçimiz 2011-ci ildə Almaniyada və 2020-ci ildə İtaliyada
keçirilən Avropa çempionatlarında da birinci olub. Təmsilçimiz
2018-ci ildə Rusiyada təşkil olunan qitə birinciliyini üçüncü
pillədə başa vurub. R.Hüseynov ötən il Norveçdə keçirilən dünya
çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Teqlər: