Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biridir – Rauf Əliyev

Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən
dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də,
dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın
ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən
sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi
imzasını atdı. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil
edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən
gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli
dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir
şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət
tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili
məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara
baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu
Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə,
qətiyyətlə bildirmişdir.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin
Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi
və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII
sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin
təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif
olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili
Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21
aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz
əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun
verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük
tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil
dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ulu
Öndər Heydər Əliyev ana dilimiz haqqında demişdir: “Ana dilimiz
Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” ,
“Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca
amillərdəndir”. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin
tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu
dildə danışmağımla fəxr edirəm”

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider
ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ
uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.
Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz
nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara
təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə
təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq
məqsədi güdürdü.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası
hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif
təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük
əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması
dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz
əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması
işi daha da gücləndirilmişdir.

Ulu Öndərər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə
yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində
saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata
keçirilməsinə nail olub. Ulu Öndər Heydər Əliyev dövlət dilinin
yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il
iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və
möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi
Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə
ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında
Dövlət Dil Komissiyası yaradılmışdır

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün
təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına
əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və
Azərbaycan dili günü kimi qeyd edilir;

2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında
dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edilmişdir. Bu Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan
dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil
dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya
azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni
özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin
Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq
Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi
hüquqi statusunu nizamlayır.

Ümummilli Lider Heydər Əliyev tərəfindən bu sahədə əsası
qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident dilimizin
qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin
başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin
saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı,
eyni zamand, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir.
Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı
yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin
təcrübəsindən daima istifadə olunacaqdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: