Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində keçirilən dəyirmi masaya həmsədrlik edib

17-20 may 2022-ci il tarixlərdə Birləşmiş Millətlər Təşkilatının
Nyu-Yorkdakı Baş Qərargahında təşkil edilən ilk Beynəlxalq
Miqrasiya İcmalı Forumu çərçivəsində Miqrasiya üzrə Qlobal Paktın
23 məqsədinə həsr olunan və adıçəkilən Paktın icrası istiqamətində
bütün səviyyələrdə əldə olunan təcrübəni nəzərdən keçirmək
məqsədilə dörd interaktiv çoxtərəfli dəyirmi masa təşkil edilib.
Hər masaya BMT Baş Assambleyasının Prezidenti tərəfindən
müəyyənləşdirilmiş iki üzv dövlətin nümayəndələri tərəfindən
həmsədrlik edilib, habelə hər dəyirmi masada interaktiv müzakirəyə
rəhbərlik etmək üçün əsas panelistlər təyin olunub. Azərbaycan
adıçəkilən Forum çərçivəsində təşkil olunan dörd dəyirmi masaya
həmsədrlik edən səkkiz ölkə sırasındadır.

Dövlət Miqrasiya Xidmətindən AzerTimes-a verilən məlumata görə,
Forumun ikinci günündə keçirilən dördüncü dəyirmi masaya ölkəmiz
adından Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə
yanaşı, Mərakeş Krallığının BMT yanında Daimi Nümayənədsi Omar
Hilal həmsədrlik edib. Qeyd olunan dəyirmi masa “Təhlükəsiz,
nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın 1-ci (Statistik
məlumatlar), 3-cü (Məlumat təminatı), 7-ci (Həssaslığın
azaldılması), 17-ci (Ayrı-seçkiliyin aradan qaldırılması) və 23-cü
(Beynəlxalq əməkdaşlıq) məqsədlərinə həsr olunub. Azərbaycan
tərəfindən həmsədrlik edilən dəyirmi masanın təşkilinə BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissarlığı və BMT-nin İqtisadi və Sosial
Məsələlər üzrə Departamenti dəstək göstərib.

Dördüncü dəyirmi masada əsas çıxışçı qismində BMT Baş katibinin
İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zhenmin çıxış edib.
Eyni zamanda, qeyd olunan dəyirmi masada Banqladeş Xalq
Respublikasının Xarici İşlər naziri Shahriar Alam, Əhali
Tədqiqatları Mərkəzinin direktoru xanım Marcela Cerrutti, Mərakeş
Krallığının Milli Hüquq Mühafizə Agentliyinin prezidenti xanım
Amina Bouayach, Qarışıq Miqrasiya Mərkəzinin Asiya Regional
Meneceri cənab Themba Lewis, habelə Miqrasiyada Qadınlar
Şəbəkəsinin təsisçisi xanım Catherine Tactaquin və BMT-nin İnsan
Hüquqları üzrə Ali Komissarının Nyu-York Ofisinin rəhbəri Craig
Mokhiber çıxış ediblər. Panelistlər dəyirmi masanın diqqət
mərkəzində olan Miqrasiya üzrə Qlobal Paktın məqsədləri barədə
fikir mübadiləsi aparıb, habelə iştirakçıların suallarını
cavablandırıblar.

Dəyirmi masaların yekununda Beynəlxalq Miqrasiya Təşkilatının
Baş direktoru cənab Antonio Vitorinonun rəhbərliyi ilə keçirilən
siyasi dialoq çərçivəsində dördüncü dəyirmi masanın xülasəsi Dövlət
Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov və Mərakeş
Krallığının nümayəndəsi tərəfindən təqdim olunub.

Forum öz işini BMT Baş Assambleyası prezidentinin rəhbərliyi
altında plenar sessiya ilə davam etdirəcək.

Teqlər: