İşğaldan azad edilmiş ərazilər üzərində aeronaviqasiya
xidmətinin bərpası layihəsinin həyata keçirilməsində növbəti uğurlu
mərhələ əldə olunub.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən
AzerTimes-a bildirilib
ki, AZAL QSC-nin nəzdində fəaliyyət göstərən “Azəraeronaviqasiya”
(AZANS) HHİ inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının
aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm
beynəlxalq kodların və tezliklərin alındığını elan edib.
Bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin
göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə
sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və
radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar
naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını,
müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və
müntəzəmliyini təmin edir.
“Çox qısa müddət ərzində Zəngilanda tikilən beynəlxalq hava
limanı böyük nəqliyyat hava qovşağına çevriləcəkdir ki, bu da təkcə
ölkənin deyil, bütün regionun iqtisadiyyatının inkişafında
əhəmiyyətli rol oynayacaqdır. Nəzərdə tutulan məqsəd çərçivəsində
bu gün ICAO-nun müəyyən edilmiş standartlarına uyğun olaraq hava
limanında aeronaviqasiya avadanlığının tətbiqi üzrə genişmiqyaslı
işlər görülür.” – deyə AZAL-ın Prezidenti Cahangir Əsgərov qeyd
edib.
AZANS-ın əldə etdiyi kodlar və tezliklər, aviasiya tezliklərinin
mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən
SAFIRE sistemi və radiolokasiya kodlarının paylanmasını həyata
keçirən MICA sistemi tərəfindən təsdiq edilmişdir. Onlar, həmçinin,
qlobal elektron verilənlər bazasına daxil edilib.
Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi
Təşkilatı – “EUROCONTROL” tərəfindən idarə olunur. Kodların və
tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrlə
razılaşdırılır.