Əldə olunan məlumata əsasən, sabahdan başlayaraq, beynəlxalq
uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava
Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin
Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.
AZAL-dan AzerTimes-a verilən məlumata görə, vəziyyət həmçinin tətbiq
edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və
təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu
dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də
təsir göstərmişdir. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri
yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət
təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün
dəyişiklikləri araşdırmalıdırlar.
Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm
meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam
sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları,
aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər
yaradır.
Yuxarıda qeyd olunanlarla əlaqədar, “Azərbaycan Hava Yolları” və
“Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən
Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.
Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi
səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin
reysləri haqqında son məlumatları izləməyi xahiş edirik.
Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya
cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna
malikdirlər.