AZAL aprel ayında Bakıdan Daşkənd şəhərinə uçuşlara başlayacaq

“Azərbaycan Hava Yolları” aprel ayında Heydər Əliyev Beynəlxalq
Aeroportundan Özbəkistanın paytaxtına birbaşa uçuşlar yerinə
yetirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən AzerTimes-a
bildirilib ki, aviaşirkət aprelin 2-dən etibarən Bakı-Daşkənd-Bakı
marşrutu üzrə həftədə bir dəfə – şənbə günləri uçuşlar həyata
keçirəcək. Mayın 4-dən isə daha bir tezlik əlavə olunacaq, Daşkəndə
uçuşlar çərşənbə günləri də yerinə yetiriləcək.

Uçuş cədvəli ilə aviaşirkətin rəsmi azal.az saytında tanış olmaq
mümkündür. Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin
aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək
mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən
məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər
kateqoriyası qəbul olunacaq.

Özbəkistana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş
qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-uzbekistan.

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların
siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics.

Sərnişin Daşkənd şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair
testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə
analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər.
PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq
edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava
limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək
edəcəkdir.

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq
mümkündür:

https://www.azal.az/az/information/covid-azerbaijan.

Teqlər: