Azadlığa çıxan məhbusların Qarabağdakı işlərə cəlb edilməsi təklif olunur

Azadlığa çıxan məhbusların Qarabağda işğaldan azad edilmiş
ərazilərdə quruculuq işlərinə cəlb edilməsi təklif olunur.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
millət vəkili Zahid Oruc əfv sərəncamının icrası zamanı deyib.

O bildirib ki, əfv cəmiyyətdə humanizm prinsiplərinə töhfə
verir:

“Hesab edirəm ki, bu insanlar əzizlərinə, doğmalarına
qovuşdular. Onların bir daha yolunun cəzaçəkmə müəssisələrindən
keçməyəcəyinə ümid edirəm. Eyni zamanda mən parlamentin İnsan
Haqları Komitəsinə rəhbərlik edən biri kimi düşünürəm ki, gələcək
dönəmdə bu şəxslərin işğaldan azad olunmuş ərazilərdə quruculuq
işlərinə cəlb olunması üçün tədbirlər görə bilərik. Fərqli bir
plan, proqramlar işlənməkdədir. Onların içərisində bu insanların
reabilitasiyası, cəmiyyətə qayıtması üçün, onların üzərlərində hər
hansı damğanın qalmaması üçün, islah məqsədilə belə proqramlara
ehtiyac var. Cəmiyyətə inteqrasiya, insanlara yararlı olmaq
məqsədilə biz bu istiqamətdə mövqelərimizi parlamentdə daha güclü
səsləndirməliyik. Bu quruculuq planında bu təbəqədən olan
insanların daha fəal iştirakı üçün ayrıca plan və proqramlar
olacaq”, – Z.Oruc bildirib.

Teqlər: