Azad edilmiş ərazilərdə görülən işlər düşünülmüş addımların planlı şəkildə həyata keçirilməsinə əsaslanır – Vüqar Rəhimzadə

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi
Zəfərimizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərləri
cari il çərçivəsində də uğurla davam edir. Ötən il bölgələrə edilən
47 səfərin 32-si işğaldan azad edilmiş ərazilərimizə idi. Hər səfər
Böyük Qayıdışın daha da yaxınlaşması deməkdir. Səfər çərçivəsində
açılışı olan, yaxud təməlqoyma mərasimi keçirilən sosial
obyektlərin say tərkibinə diqqət yetirsək xeyli işlərin görüldüyünü
böyük əminliklə deyə bilərik. Təkcə fevralın 13-də dövlət başçısı
İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı açılışında və
təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin sayına və
mahiyyətinə diqqət yetirək. Dövlət başçısı və birinci xanım
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1”
və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional
Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında
iştirak etdilər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında
fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri
ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça
istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının
və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini
qoydu. Daha sonra dövlət başçısı və birinci xanım Heydər Əliyev
Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin
gedişi ilə tanış oldu və buradan görülən işlər barədə fikirlərini
və mesajlarını çatdırdı. Prezidentin bölgələrə səfəri zamanı hər
bir çıxışı, verdiyi müsahibələr ümumilikdə görülən işlər fonunda
gələcək barədə aydın təsəvvür yaratmaqla yanaşı, işğalçı
Ermənistana ünvanlanan mesajlarla da zəngin olur.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan
işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan
şəraitlə də tanış oldular, Qarabağ xanlarının türbələri və yaşayış
evi – İmarət kompleksində oldular: “Prezident işğaldan azad edilmiş
ərazilərimizdə təkmil idarəçilik sisteminin yaradılmasını, bu
ərazilərin müasir tələblər səviyyəsində bərpasını qarşıya mühüm
vəzifə kimi qoyub. Bu ərazilərdə Prezidentin xüsusi
nümayəndəliyinin fəaliyyət göstərməsi də işin səmərəliliyinin və
keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Şəhərlərin
Baş planları hazırlanır və ictimaiyyətin müzakirəsinə verilir.
Ağdamın Baş planı gələcək barədə aydın təsəvvür yaradır. Bu
baxımdan ki, həmin Baş planda şəhərin əvvəlki simasını özünə
qaytarmaq üçün müasirliklə qədimliyin sintezinin yaradılmasına
xüsusi diqqət yetirilib. Ağdamın yol infrastrukturu yenilənib,
təkmilləşib. İşğaldan azad edilmiş ərazilərin malik olduğu
potensial imkanlardan səmərəli istifadə etmək üçün zəruri addımlar
atılır. Dövlət başçısı İlham Əliyev Ağdam Cümə Məscidinin
qarşısından bu çağırışı etdi ki, Azərbaycan investorları işğaldan
azad edilmiş ərazilərimizə gəlin, yeni müəssisələrin, iş yerlərinin
yaradılmasında fəal iştirak edin. Bu yolla həmin ərazilərin
canlandırılması mümkündür. Bu fikir də xüsusi vurğulanır ki,
ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti
mövcuddur. Sahibkarlar bu imkanlardan istifadə etməklə Azərbaycanın
dayanıqlı inkişafına öz töhfələrini verə bilərlər.”

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin ötən il
Ağdama səfəri zamanı Ağdam Sənaye Parkının, budəfəki səfəri zamanı
isə bu kompleksdə iki müəssisənin təməlinin qoyulmasına yönəldərək
bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı həyata
keçirilən iqtisadi siyasətin tərkib hissəsidir: “Yeni dövrün
iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin
tətbiqi – sənaye parklarının və məhəllələrinin yaradılması da
xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin
genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin
artırılmasında, yüksək texnologiyalara əsaslanan
rəqabətqabiliyyətli məhsul istehsalında, qeyri-neft sektorunun
inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində
mühüm amilə çevrilir. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla
müəssisənin işə başlayacağı bildirilir. İşğaldan azad edilmiş
ərazilərin qaz, su, elektrik enerjisi ilə bağlı tələbatları tam
ödəniləcək. Ağdamda açılışı olan iki yarımstansiyanı nəzərə alsaq
hazırda azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb.
“Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində
bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin
ediləcək.”

YAP Xətai rayon təşkilatının sədri görülən işlərin fonunda
bildirib ki, tarixi Zəfərə imza atdığımız ilk gündən vaxt itirmədən
bərpa və quruculuq işlərinə start verilib və nəticələr göz
önündədir: “Bütün maliyyə və texniki imkanlarımız, kadr
potensialımız səfərbər edildi. Azərbaycan bu ərazilərdə işləri
sıfırdan başlayaraq öz maliyyə imkanları hesabına həyata keçirir.
Dövlət başçısı İlham Əliyev ilk gündən bildirdi ki, 44 günük İkinci
Qarabağ müharibəsində birliyimiz, həmrəyliyimiz sayəsində necə 30
ilin işğalına son qoyub torpaqlarımızı azad etdik, qısa müddətdə də
bu ərazilərdə bərpa və quruculuq işlərini başa çatdırıb
soydaşlarımızın Böyük Qayıdışına nail olacağıq. Bütün işlərin
təməlində düşünülmüş addımlar və onların planlı şəkildə həyata
keçirilməsi dayanır.”

Vüqar Rəhimzadə quruculuq işləri çərçivəsində tarixi və dini
abidələrimizin bərpasının prioritetliyini önə çəkərək Heydər Əliyev
Fondunun imkanları hesabına bu istiqamətdə gördüyü işlərdən bəhs
edib: “Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri,
bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada
Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir
edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib.
Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən
qurulması və tikintisi prosesi başlamışdır. Bu, fəaliyyətində milli
irsimizin qorunmasına və inkişafına xüsusi diqqət yetirən Heydər
Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına
növbəti töhfəsidir.”

Böyük Qayıdışın yaxınlaşdığını bildirən YAP Xətai rayon
təşkilatının sədri artıq Ağdama və Şuşaya avtobus marşrutlarının
təşkil edilməsindən danışaraq bildirib ki, hər bir Azərbaycan
vətəndaşı bu torpaqları görmək imkanı əldə edir: “Belə səfərlərin
təbliğat baxımından da əhəmiyyəti böyükdür. Hər daşı, qayası,
küçəsi erməni vəhşiliklərinin şahidi olan bu torpaqlarımızda
törədilən vandalizm aktlarını görən hər kəs Azərbaycanın illərdir
necə vəhşi ilə üz-üzə dayandığının şahidi olur. Ermənilər
məscidlərimizdə donuz saxlamaqla təkcə Azərbaycan xalqını deyil,
bütün müsəlman aləmini təhqir ediblər. Amma bu kimi məsələlər
gündəmə gətiriləndə dünya yenə də susmağında davam edir. 44 gündə
dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu qəbul
etdirən Azərbaycan bu prinsiplərə söykənərək ermənilərin indiyədək
törətdikləri cinayətlərin öz layiqli cəzasını alacağına nail
olacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və
prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü
tanımaq şərtilə sülh müqaviləsinin imzalanmasının təklif olunması
ilə yanaşı, “Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi
unutmamalıdır” çağırışı da özündə bu əminliyi ehtiva edir.”

Teqlər: