Azad edilmiş ərazilərdə dislokasiya olan bölmələrin təminatı yüksək səviyyədədir – MN (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş
ərazilərdə dislokasiya olunan bölmələrin xidməti-döyüş
fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət
şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə
icra olunur.

Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz
fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da
artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə
saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektləri inşa
edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində azad olunmuş ərazilərdə hərbi
avtomobillərin daima işlək və saz vəziyyətdə saxlanılması məqsədilə
texniki xidmət və təmir məntəqələri, eləcə də akkumulyator sexləri
yaradılır. Müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə
avtomobillərə texniki xidmətin və plana uyğun mövsümi qulluğun
göstərilməsi üçün hər cür şərait mövcuddur.

Texniki xidmət və təmir məntəqələrinə daxil olan avtomobil
texnikalarında aşkar edilən nasazlıqlar təmir sexlərində qısa zaman
ərzində aradan qaldırılaraq yenidən bölmələrin sərəncamına
verilir.

Avtomobil texnikalarının fasiləsiz və dayanıqlı istismarını
təmin etmək məqsədilə bu məntəqələr yüksək keyfiyyətli
yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və
avadanlıqlarla təmin edilir. Döyüş texnikalarının və hərbi
nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə
saxlanılması, həmçinin mövsümü tələblərə uyğun daim istismara hazır
vəziyyətdə olması təmin edilir. Bundan əlavə, bu məntəqələrdə sex
rəisi, çilingər, qaynaq və yuyunma otaqları, həmçinin AKB sexi və
ZT anbarı da vardır. AKB sexi akkumulyator batareyalarına texniki
xidmətin göstərilməsi üçün suyun distelə olunması, AKB doldurulması
və saxlanılması otaqlarından ibarətdir.

Azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin
diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji
hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının
gücləndirilməsi, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması
istiqamətində görülən işlər davam etdirilir.

Teqlər: