Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
Azərbaycanın böyük rolu var. Artıq Azərbaycan neft ilə yanaşı Cənub
Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir və Avropanın qaz
bazarında ölkəmizin yeri möhkəmlənməkdədir.
Məsələ ilə bağl AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı
Cavid Osmanov deyib ki, Prezident İlham Əliyev
tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycan bu
gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm
aktora çevrilib.
“Cənab Prezident tərəfindən həyata keçirilən enerji siyasəti
sayəsində Azərbaycanın təbii qazı Avropa ölkələrinin enerji
təhlükəsizliyinin təmin edilməsində mühüm və vacib bir rol oynayr.
Burada TANAP və TAP layihələrini xüsusi qeyd etmək lazımdır.
Kimlərsə zamanında bu layihənin gerçəkləşəcəyinə şübhə ilə
yanaşırdı.
Ancaq Azərbaycan qətiyyətli mövqeyi, cənab Prezident İlham
Əliyevin yorulmaz və düşünülmüş fəaliyyəti bu layihənin
reallaşmasına imkan verdi və artıq Azərbaycan qazı Avropaya nəql
edilir. TANAP boru kəməri ilə 2021-ci ildə Türkiyə və Avropaya
ümumilikdə 13,73 milyard kubmetr Azərbaycan qazı nəql olunub və bu
çox yaxşı göstəricidir. Heç şübhə yoxdur ki, Avropaya nəql edilən
Azərbaycan qazı bundan sonra da artacaq”, – deyə deputat
bildirib.
O qeyd edib ki, dövlət baçısının siyasəti nəticəsində Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ən əlverişlli
və etibarlı tərəfdaş səviyyəsinə yüksəlib.
“Avropa İttifaqının yüksək rütbəli rəsmiləri də dəfələrlə
Azərbaycanla əməkdaşlıq etdiklərindən məmnun olduqlarını ifadə
ediblər. 2022-ci ili fevral aynın 4-də Bakıda Cənub Qaz Dəhlizinin
Məşvərət Şurasının iclası keçirildi və bu iclasda Avropanın enerji
məsələləri üzrə komissarı Kadri Simson və digər yüksək rəsmilərin
iştirakı, o cümlədən Məşvərət Şurasına daxil olan ölkələrin iclasda
yüksək səviyyədə iştirak etməsi, eyni zamanda cənab Prezident İlham
Əliyevin iclasda çıxış etməsi Azərbaycan ilə Avropa İttifaqı
arasında yeni perspektivlərin olduğunu göstərir. Bir sözlə,
Azərbaycan Avropanın enerji təhlükəsiziliyinin təmin edilməsində
mühüm bir aktordur və bu da dövlət başçısının düşünülmüş
siyasətinin nəticəsidir”,- deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Elşən Musayev isə
AzerTimes-a açıqlamasında
bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təminatında
Azərbaycanın rolu olduqca önəmlidir və xüsusən də, qlobal
beynəlxalq-siyasi düzənin indiki mərhələsində həmin rol getdikcə
artmaqdadır.
“Hazırda isə proses Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində
artıq reallaşdırılmış TANAP və TAP qaz kəmərləri vasitəsi ilə
həyata keçirilir. Coğrafi baxımdan əlverişli məkanda yerləşən
Azərbaycanın öz qazını müstəqil şəkildə Avropa bazarlarına
çıxarmasını təmin edən Cənub Qaz Dəhlizi qlobal miqyasda unikal bir
sənaye layihəsidir.
Bu layihənin ən önəmli və əsas məqamlarından biri onun universal
xarakter daşımasıdır. Belə ki, məlum layihənin inşasında və
istismarında hətta biri-birinə əks geosiyasi qütblərdə yer alan
ölkələr və onları təmsil edən şirkətlər iştirak edib. Eyni zamanda,
layihələr çərçivəsində Türkiyə və Gürcüstan, Cənubi Avropanın
İtaliya, Yunanıstan və Bolqarıstan kimi ölkələri qısa bir müddətdə
Azərbaycan qazının istehlakçısına çevriliblər. Gələcəkdə isə TAP-ın
şimala doğru şaxəsi olacaq İonik-Adriatik boru kəməri vasitəsi ilə
Albaniya, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya kimi Balkan
ölkələrinin istehlakçıları da Azərbaycan qazından faydalana
biləcəklər. Hətta bu istiqamətdə artıq müvafiq infrastrukturun
yaradılması prosesi gedir”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan Prezidenti
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
fevralın 4-də Bakıda keçirilən nazirlərin VIII toplantısındakı
çıxışında ölkəmizin isbat edilmiş qaz ehtiyatlarının həcminin daha
çox olacağına əminliyini bildirib.
“Çünki neft və qaz yataqlarının işlənilməsi sahəsindəki təcrübə
həmin yataqlarda öncə gözlənildiyindən daha böyük həcmdə
ehtiyatların olduğunu dəfələrlə sübuta yetirib. Bu baxımdan,
Azərbaycanın qaz ixracının yüksəliş dinamikasının davamlı olacağı
şübhə doğurmur.
Sadalanan məqamlar Azərbaycanın təbii qazın istehsalı,
istehlakı, satışı və emalı sahəsində yaranmış yeni reallıqlara
hazır olduğuna dəlalət edir. Bu istiqamətdə Azərbaycan hökuməti
çevik strategiyaya üstünlük verir ki, bu da sürətlə dəyişən
proseslərdə mümkün ola biləcək itkilərin minimuma endirilməsinə,
mənfəətin isə maksimuma çatıdırlmasına zəmin yaradır”, – deyə
E.Musayev əlavə edib.