Avropa İttifaqı Şurasının Prezidenti Brüsseldə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da
Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən
üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibə
verib.

Trend
müsahibəni təqdim edir.

Jurnalistləri salamlayan Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel dedi: Axşamınız xeyir. Elə indicə biz
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla gözəl və çox
səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və
inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz
bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə
məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o
deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret
prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş
üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz,
həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu,
birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti
həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim
aramızda güclü kommunikasiya və koordinasiya olacaq.

-Cənab Prezident, sizcə, sülh sazişinin imzalanması nə
qədər çəkər?

– Bunu proqnozlaşdırmaq çətindir. Amma dekabrda Brüsseldə hər
iki liderlə ilk şəxsi görüş zamanı mən hiss etdim ki, maraqlı bir
addım atıldı, tərəflər bir-birini dinləməyə və bir-birini narahat
edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas
olan məsələləri daha yaxşı anlamağa meylli idilər. Bu, birinci
vacib element idi. Bu arada, mənim hər iki liderlə müntəzəm telefon
danışıqlarım olub. Biz bu axşamkı görüşə çox hazırlaşmışıq. Biz
buna vaxt ayırdıq. Bilirsiniz ki, nahardan əvvəl mənim hər iki
liderlə ikitərəfli görüşüm oldu. Səmimi desəm, düşünürəm ki, biz
çox gərgin çalışırıq, irəliləyiş var. Hər iki tərəfdə olan
çağırışları və çətinlikləri gözardına vurmuram. Lakin hesab edirəm
ki, irəliləyişə nail olmaq, əməkdaşlıq etmək, prioritetləri,
birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək üçün
ortaq iradə var.

– Cənab Prezident, deyə bilərik ki, biz sülh sazişinə
yaxınlaşırıq?

– Əminəm ki, bu gecə biz düzgün istiqamətdə mühüm bir addım
atdıq. Əlbəttə, bu, hər şeyin həll olunduğu anlamına gəlmir. Lakin
bu o deməkdir ki, biz irəliləyişə nail olmuşuq. Çünki biz ortaq
məxrəcə gəlmək, bütün regionda sülhü, təhlükəsizliyi və sabitliyi
təmin etmək üçün ümid edirəm ki, mümkün qədər tez bir zamanda
dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin nədən
ibarət olduğunu daha yaxşı başa düşürük. Təşəkkür edirəm.

– Proses başlayıbmı?

– Proses bu gecə başlayıb.

Teqlər: