Avropa çempionatında iki güləşçimiz qızıl, biri bürünc medal qazanıblar (YENİLƏNİB)

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan Fəraim Mustafayev (48 kq) estoniyalı idmançını vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Rusiyadan olan güləşçini də tam üstünlüklə yolundan kənarlaşdıran F.Mustafayev finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici görüşdə Türkiyədən olan rəqibinə də aşkar fərqlə qalib gələrək Avropa çempionu olub. Güləşçimiz iki il əvvəl U-15 Avropa çempionatında da qızıl medal qazanmışdı.

Güləşçimiz Fərid Baxışlı (55 kq) debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə pəhləvanımız Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb. Rusiya təmsilçisi ilə gərgin keçən mübarizədə də sevinən tərəf olan F.Baxışlı adını yarımfinala yazdırıb. Bu mərhələdə Belarus güləşçisindən də güclü olan idmançımız finala adlayıb. Həlledici görüşdə Ermənistan idmançısı ilə üz-üzə gələn həmyerlimiz böyük fərqlə hesabda geridə olsa da, möhtəşəm geridönüş edərək sonuncu xal prinsipinə əsasən Avropa çempionu olub.

Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini “tuşe” ilə xalçadan məyus yola salıb. Ancaq Ukrayna təmsilçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün güləşçimiz iyunun 19-da təsəlliverici görüşə çıxıb və yunan həmkarına “tuşe”ylə qalib gəlib. Estoniya təmsilçisinə də heç bir şans tanımayan K.Abdullazadə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Cocu Səmədov (80 kq) səkkizdəbir finalda belaruslu rəqibinə uduzub.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 3 gümüş və 1 bürünc medala sahib olub.

19:22

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Rahim Həsənov çexiyalı idmançıya vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanından da güclü olan həmyerlimiz adını finala yazdırıb.
Pərviz Dadaşov 1/8 finalda yerli idmançıya uduzub. Ancaq Bolqarıstan güləşçisi finaladək irəlilədiyi üçün millimizin üzvü iyunun 20-də təsəlliverici görüşə çıxacaq.
Fərid Xəlilov təsnifat mərhələsində gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Xəlilov Moldova təmsilçisinə də eyni aqibəti yaşadıb. Ermənistan güləşçisini də xalçaya çıxmağa peşman edən Fərid adını yarımfinala yazdırıb. Türkiyədən olan rəqibini də vaxtından əvvəl məğlubiyyətə uğrada güləşçimiz finala adlayıb.
Ruslan Nurullayev debütdə alman həmkarına elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Nurullayev Serbiya güləşçisini də xalçadan erkən məyus yola salıb. Ruslan Gürcüstan pəhləvanının da öhdəsindən gəlməklə yarımfinala vəsiqə qazanıb.
Cavidan Nuri startda macar rəqibini yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda belaruslu güləşçiyə məğlub olub.

Bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar iyunun 20-də keçiriləcək.

45 kq
1/4 final: Rahim Həsənov – Filip Çapka (Çexiya) 8:0
1/2 final: Rahim Həsənov – Anri Xozrevanidze (Gürcüstan) 8:5
Final: Rahim Həsənov – Nikita Dementiyev (Ukrayna)

51 kq
1/8 final: Pərviz Dadaşov – Borislav Kirilov (Bolqarıstan) 3:6
Təsəlliverici görüş: Pərviz Dadaşov – Erzu Zakriyev (Rusiya)

60 kq
Təsnifat: Fərid Xəlilov – Rati Xozrevanidze (Gürcüstan) 13:5
1/8 final: Fərid Xəlilov – Oleq Bajura (Moldova) 11:2
1/4 final: Fərid Xəlilov – Rostom Makiçyan (Ermənistan) 8:0
1/2 final: Fərid Xəlilov – Enes Ülkü (Türkiyə) 9:0
Final: Fərid Xəlilov – Levente Levay (Macarıstan)

71 kq
Təsnifat: Ruslan Nurullayev – Tom Stoll (Almaniya) 9:0
1/8 final: Ruslan Nurullayev – Miloş Peroviç (Serbiya) 8:0
1/4 final: Ruslan Nurullayev – Tornike Mikeladze (Gürcüstan) 5:2
1/2 final: Ruslan Nurullayev – Alperen Berber (Türkiyə) 3:5
Bürünc medal görüşü: Ruslan Nurullayev

92 kq
1/8 final: Cavidan Nuri – Kriştian Kis (Macarıstan) 5:0
1/4 final: Cavidan Nuri – Abubakar Xaslaxanov (Belarus) 1:5

Teqlər: