Arzum Avropa və dünya çempionu olmaqdır – Gənc azərbaycanlı gimnast

Gələcəkdə böyük idman zirvələrinə çatmağı qarşıma məqsəd
qoymuşam, Avropa və dünya çempionu olmaq arzusundayam.

Bu barədə AzerTimes-a kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı
çempionatının iştirakçısı, gənc idmançı Hüseyn Qəhrəmanov
deyib.

Yarışlarda Bakı Gimnastika Məktəbini təmsil edən idmançı
“uşaqlar” yaş kateqoriyasında çıxış edir.

“Bu, mənim Milli Gimnastika Arenasında ilk yarışımdır. Arena
necə də böyük, parlaq və gözəldir. Mən çox şadam ki, burada
yarışmaq imkanım oldu. Əminəm ki, bu turnir mənim üçün stimul
olacaq və gələcəkdə bu təcrübə öz bəhrəsini verəcək”, – deyə
F.Qəhrəmanov qeyd edib.

O, yarışa hazırlığın bütün mərhələlərində məşqçisinin dəstəyini
hiss etdiyini bildirib.

“İdamn gimnastikasını sevirəm, ona görə də uzun məşqlər mənim
üçün heç də yük deyil. Əksinə, onlar mənə böyük zövq verir.
Azərbaycan birinciliyinə və Bakı çempionatına çox hazırlaşdım,
yaxşı nəticə göstərmək istəyirdim. Ümid edirəm ki, məşqçi mənim
çıxışımdan razı qalacaq”, – deyə Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında
keçiriləcək Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt
Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69
idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar –
2014-2015), uşaqlar (kişilər – 2011-2012/ qadınlar – 2012-2013),
yeniyetmələr (kişilər – 2009-2010/qadınlar – 2010-2011), gənclər
(kişilər – 2005-2008/qadınlar – 2007-2009), böyüklər (kişilər
2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü
və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş
etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində
yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli
Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə
biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı
olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən
edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər
istisna olmaqla) malik olmalıdırlar.

Teqlər: