AQTA sədri bitkiçilik məhsullarının istehsalı, ixracı və idxalı ilə məşğul olan sahibkarlarla görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində
(AQTA) “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları
Assosiasiyası”, “Azərbaycan Zəfəran İstehsalçıları və İxracatçıları
Assosiasiyası”nın rəhbərləri və müvafiq sahədə fəaliyyət göstərən
sahibkarlarla videokonfrans formatında görüş keçirilib.

Görüşdə AQTA sədri Qoşqar Təhməzli son illər ölkəmizdə bitki
sağlamlığı sahəsində görülən işləri, dövlət tərəfindən sahibkarlara
göstərilən ardıcıl dəstək tədbirlərinin nəticəsi olaraq, bitkiçilik
məhsullarının, o cümlədən nar, fındıq, pomidor və s. məhsulların
ixracında əhəmiyyətli artımın olduğunu iştirakçıların diqqətinə
çatdırıb. Bir sıra bitkiçilik məhsullarının artıq Avropa
bazarlarına ixrac edildiyini bildirən Agentlik sədri, kənd
təsərrüfatı bitkilərinin ixrac coğrafiyasının genişləndirilməsi
üçün sahibkarlar tərəfindən fitosanitar tələblərə cavab verən
məhsulların yetişdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Assosiasiya sədrləri və sahibkarlarla müvafiq sahədə
mövcud vəziyyət və qarşıya çıxan problemlərin həlli istiqamətində
fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib.
Agentliyin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı aidiyyəti
struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Daha sonra bitkiçilik məhsullarının laborator analizlərinin
aparılması, müvafiq sertifikatların verilməsi, həmçinin
sahibkarları maraqlandıran yeni ixrac bazarlarının idxal
tələblərinin öyrənilməsinə dəstək göstərilməsi, həmin məhsulların
ixracının daha səmərəli təşkili işlərində AQTA tərəfindən
sahibkarlara göstərilən lazımi köməkliyin davam etdiriləcəyi qeyd
olunub.

Teqlər: