AQTA-da kadr dəyişiklikləri olub

2022-ci il martın 28-də Azərbaycan Respublikası Qida
Təhlükəsizliyi Agentliyinin növbəti kollegiya iclası keçirilib.
İclasda ölkəmizdə həyata keçirilən qida təhlükəsizliyi sisteminin
yeni çağırış və müasir tələblərə uyğun daha səmərəli təşkili,
həmçinin nəzarət sisteminin təkmilləşdirilməsi və bu tədbirlərin
daha çox tənzimləyici rola malik olmasının təmin edilməsi, bu
sahədə şəffaflığın və effektivliyin artırılmasına dair bir sıra
məsələlər müzakirə olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən
(AQTA) məlumat verilib.

İclasda ötən dövr ərzində qida zənciri üzrə həyata keçirilən
nəzarət və tənzimləmə tədbirlərinin nəticələri müzakirə olunub,
eyni zamanda bugünədək aparılmış araşdırmaların nəticələri təhlil
edilərək müvafiq inzibati tədbirlərin görülməsi barədə qərar qəbul
edilib. İclasda inzibatçılıqda yeni prinsiplərin tətbiq edilməsi və
qarşıya qoyulan məqsədlərə nail olunması üçün kadr islahatlarının
aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bununla yanaşı,
kadrların bilik və bacarıqlarının yeni çağırışlara uyğun
qiymətləndirilməsi işlərinin mütəmadi aparılması, kadr
potensialının gücləndirilməsi üçün təlimlərin təşkil edilməsinə
dair qərar qəbul edilib.

İclasda AQTİ laboratoriyalarının fəaliyyətinin səmərəliliyinin
artırılması məqsədilə daxili nəzarət və idarəetmə sisteminin və
laborator sınaqların aparılması ilə bağlı icra müddətlərinin
təkmilləşdirilməsi istiqamətində işlərin icrası qərara alınıb.

Qeyd edək ki, Kollegiya iclasında qəbul edilən qərarlardan irəli
gələrək, AQTA sədrinin müvafiq əmri ilə bir sıra kadr
dəyişiklikləri həyata keçirilib. Belə ki, Agentliyin Qida zəncirinə
nəzarət şöbəsinin müdiri Əkbər Zamiq oğlu Əliyev vəzifəsindən azad
olunaraq Daxili nəzarət və regional bölmələrlə iş sektorunun baş
məsləhətçisi vəzifəsinə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun “Analitik Ekspertiza Mərkəzi” departamentinin müdiri Fərid İsgəndər
oğlu Əliyev Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri, Qida
zəncirinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Şəhla Natiq qızı
Yusifzadə isə Agentliyin Bakı Regional bölməsinin Qida
təhlükəsizliyinə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib.
Müvafiq əmrə əsasən Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin
müdir müavini Nərminə Nəcəf qızı Şabanovaya həmin şöbənin müdiri
vəzifəsinin icrası həvalə olunub. Həyata keçirilən kadr islahatları
çərçivəsində Agentliyin Bakı Regional bölməsinin rəis müavini Elçin
Xurşud oğlu Məmmədov tutduğu vəzifədən azad edilib. Agentliyin Bakı
Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri
Hüseyn Abdulla oğlu Abdullazadə isə vəzifəsindən azad edilərək
həmin bölmənin İdxal və ixraca nəzarət sektorunun baş məsləhətçisi
vəzifəsinə təyin olunub.

Teqlər: