Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “4 gündən 44 günə” bədii kompozisiyası təqdim olunub

Aprelin 4-də Heydər Əliyev Sarayında “Zəfər” Şəhid Ailələrinə
Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının
birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan
Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə Aprel döyüşlərinin
ildönümünə həsr olunmuş “4 Gündən 44 Günə” adlı tədbir
keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid
ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının
təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri
iştirak ediblər.

Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr
olunmuş tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı
direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyinin sədri Sevinc Alızadə və “Böyük Qayıdış” Gənclər
Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşlərinin qazisi
Əhliyət Mehdiyev çıxış ediblər. Çıxış edən natiqlər Aprel
döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə bitən Vətən
müharibəsində əldə olunan böyük Zəfərin başlanğıcı olduğunu və
xalqımıza qələbə sevincini yaşadan qəhrəmanlarımızın, ölkəmizin
ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən
şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyini
vurğulayıb, gənclər arasında vətənpərvərlik hislərinin aşılanması
istiqamətində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd
ediblər.

Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin
ifasında “4 Gündən 44 Günə” bədii kompozisiyası ilə davam edib.
Kompozisiyada Qarabağ müharibəsinin bütün dövrünü əhatə edən vacib
hadisələr səhnələşdirilib, soyqırımı və qətliamların qurbanlarına,
şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza ehtiram nümayiş olunub.
Xalqımızın başına gətirilən müsibətlər, müharibə dəhşətləri, öz
yurdundan didərgin düşmüş, uzun illər qaçqın və məcburi köçkün
həyatı yaşamağa məhkum olmuş yüz minlərlə soydaşımızın, müharibədə
doğmasını, əzizlərini itirən insanlarımızın yaşadığı hisslər, işğal
nəticəsində əzəli və əbədi yurd yerimizdən, doğma torpaqlarımızdan
ayrı qaldığımız 30 ilin ağrı-acısı maraqlı süjet xətti vasitəsilə
diqqətə çatdırılıb. Qalibiyyət ruhunda 4 gündən 44 günlük haqq
savaşına gedən şanlı yol ifadə edilib.

Tədbir Aprel döyüşləri və Vətən müharibəsi qazilərinin səhnəyə
daxil olması ilə, hamılıqla şəhidlərin əziz xatirəsinin bir
dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə
yekunlaşıb.

Teqlər: