Antalya Qran-Pri yarışında ölkəmizi 6 paracüdoçu təmsil edəcək

Bu gün Antalyada Qran-Pri yarışı öncəsi beynəlxalq həkimlər
tərəfindən paracüdo idmançılarının göz tibbi təsnifatı
keçirilib.

Trend xəbər verir ki, kişi cüdoçularımızdan İsmayıl Muradov (60
kq), Namiq Abaslı (73 kq), Anar İsmayılzadə (73 kq) və Saleh
Sultanov (90 kq), qadın idmançılarımızdan isə Aysel İmamverdiyeva
(70 kq) və Xatirə İsmiyeva (+70 kq) tibbi təsnifatdan uğurla
keçərək aprelin 23-25-də baş tutacaq Qran-Pri yarışında öz
güclərini sınayacaqlar.

İdmançılarımız Abdulla İsmayılov, Əlican İsmayılzadə, Bayram
Mustafayev, Zakir Mislimov, Şəhanə Hacıyeva və Dürsədəf Kərimovanın
tibbi təsnifatı tam bitmədiyi üçün növbəti yarışlarda onlar üçün
yenidən tibbi təsnifat keçiriləcək.

Digər idmançılarımız Orxan Qarayev, Hüseyn Rəhimli və Xanım
Hüseynovanın isə təsnifatdan keçmələri üçün həkimlər tərəfindən
əlavə sənədlər istənilib.

Beləliklə, Antalya Qran-Pri yarışında Namiq Abaslı, İsmayıl
Muradov, Anar İsmayılzadə, Saleh Sultanov, Aysel İmamverdiyeva və
Xatirə İsmiyeva iştirak edəcəklər. Digər idmançılar isə növbəti
yarışlarda yenidən müayinədən keçəcəklər.

Aprelin 23-də İsmayıl Muradov, Namiq Abaslı və Anar İsmayılzadə,
ertəsi gün isə Saleh Sultanov, Aysel İmamverdiyeva və Xatirə
İsmiyeva tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarınadək
bir neçə dəfə təşkil edilən tibbi təsnifatlar Oyunlarda tibbi
göstərişlərinə görə iştirak edəcək idmançıları müəyyənləşdirəcək.
Bu qayda bütün paralimpiya idman növlərinə aid edilir.

Teqlər: