Ankara İsveçdən NATO-ya üzvlüklə bağlı “konkret təminatlar” gözləyir

İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyi aydındır –
Ankara Stokholmdan alyansın “kollektiv təhlükəsizlik prinsipi”nə
uyğun konkret təminatlar verməsini gözləyir.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsinin bəyanatında
deyilir.

“Ankara NATO-ya üzv olmaq üçün müraciət etmiş İsveçin Türkiyənin
təhlükəsizliyi ilə bağlı prinsipial addımlar atacağını və konkret
təminatlar verəcəyini gözləyir”, – deyə bəyanatda bildirilir.

Bəyanata əsasən, bu cür təminatlar arasına terrora siyasi
dəstəyin dayandırılması, terrorun maliyyələşdirilməsi mənbələrinin
ləğv edilməsi, PKK terror təşkilatı və onun Suriya qolu PYD-yə
hərbi dəstəyin dayandırılması, Ankaraya qarşı embarqonun və
sanksiyaların ləğvi daxildir.

“İsveç hökuməti PKK/PYD-yə tank əleyhinə silahlar və pilotsuz
uçuş aparatları kimi hərbi texnika verir”, – deyə bəyanatda qeyd
edilir.

Bildirilir ki, belə silahlar Türkiyədə mülki şəxslərə qarşı
istifadə edilib.