Altı əsr yaşı olan abidənin bərpa olunması nəzərdə tutulur – Dövlət Xidməti (FOTO)

XV əsrdə qədim Bakı-Şamaxı karvan yolunun üstündə, Qaradağ
rayonu ərazisində tikilən Minəcik karvansarası baxımsız
vəziyyətdədir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və
İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova
Trend-ə bildirib ki, Qaradağ rayonu ərazisində,
Minəcik deyilən ərazidə yerləşən karvansara Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli
qərarı ilə dövlət qeydiyyatına götürülmüş daşınmaz tarix və
mədəniyyət abidələrinin siyahısına daxil edilib.

“Tarixi abidənin bərpa olunmasına ehtiyac var. Ölkə əhəmiyyətli
tarix memarlıq abidələri olan bu karvansaranın bərpa olunaraq
istifadə edilməsi məsələsi diqqətdə saxlanılır.

Qədim karvan yollarının üzərində yerləşən bu abidə bərpa
olunması üçün investisiya planına salınıb. Abidə növbəti illərdə
dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş
layihələrin siyahısındadır.

Bu cür dövlət əhəmiyyətli abidələrin təmir-bərpa və tikintisi
üçün fərdi sahibkarlar, hüquqi şəxslər, vətəndaşlar da Dövlət
Xidmətinə müraciət edə bilərlər. Müraciətlərə baxılacaq və
mütəxəsislər tərəfindən nəzərə alınacaq. Müvafiq layihələri
hazırlandıqdan sonra uyğun şəkildə Dövlət Xidmətinin əməkdaşlarının
iştirakı ilə təmir-bərpa və tikintisi təmin oluna bilər”, – deyə
N.Allahyarova bildirib.

Twitter:@FaridZohrabov

Teqlər: