Almatı hava limanı texniki cəhətdən fəaliyyətini bərpa etməyə hazırdır

Qazaxıstanda iğtişaşlar zamanı ziyan vurulan Almatı hava limanı texniki cəhətdən fəaliyyətini bərpa etməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bu barədə sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbaev respublikanın yeni hökumətinin ilk iclasında deyib.

“Ölkədəki 20 hava limanından 18-i normal rejimdə işləyir. Almatı şəhəri və Taldıkorqan şəhərinin hava limanlarının fəaliyyəti dayandırılıb. Eyni zamanda, Almatı hava limanı fəaliyyətini bərpa etməyə texniki cəhətdən hazırdır, səlahiyyətli xüsusi qurumların müvafiq qərarı tələb olunur”, – deyə nazir bildirib.

O, həmçinin qeyd edib ki, “bütün bölgələrdə şəhər avtobuslarının daşımaları, bütün dəmir yolu vağzalları və bütün sərnişin və yük qatarlarının hərəkəti tam bərpa olunub”. Həmçinin, onun sözlərinə görə, “respublika yollarında avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yoxdur”.