Almaniyada IRENA ilə yeni imkanlar üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Almaniyada “Berlin Enerji
Keçidi Dialoqu” tədbiri çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji
Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera ilə
görüşüb.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
energetika naziri bərpa olunan enerji sahəsində ölkəmizdə həyata
keçirilən və planlaşdırılan layihələr barədə ətraflı məlumat verib.
Təşkilat ilə əməkdaşlığın dərinləşdirilməsi üçün potensial
istiqamətlər diqqətə çatdırılıb. Bu xüsusda Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerjidən istifadə ilə
bağlı müxtəlif istiqamətlərə investorların təşviqi məsələsi
müzakirə edilib. Bildirilib ki, “Yaşıl Enerji Zonası”
konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə
yaşayış evlərinin enerji tələbatı məhz bərpa olunan enerji
mənbələri hesabına təmin ediləcəkdir. İlk kənddə bütün evlərin
üzərində günəş kollektorları, ictimai binaların üzərində 300
kVt-dan çox gücə malik günəş panelləri və ümumi gücü 636 kVt olan 3
ədəd Arximed qurğusunun quraşdırıldığı qeyd edilib. Gələcəkdə bu
təcrübənin davam etdirilməsi, tikiləcək fərdi mənzillərdə günəş
panellərinin və kollektorlarının quraşdırılması, habelə ərazidəki
bərpa olunan enerji mənbələri potensialından istifadə etməklə
layihələrin icrası nəzərdə tutulur ki, bu istiqamətlərdə əməkdaşlıq
imkanlarının dəyərləndirilməsinin vacibliyi vurğulanıb.

IRENA-nın baş direktoru Francesco La Camera Azərbaycan ilə
təşkilatın əməkdaşlığından məmnunluğunu ifadə edərək, hazırkı
imkanların dəyərləndirilməsinə təmsil etdiyi qurumun dəstək
verəcəyini bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığa dair digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Teqlər: