Almaniya 60 yaşdan yuxarı olanlar üçün məcburi COVİD peyvəndi qaydasını rədd edib

Almaniya parlamenti cümə axşamı 60 və daha yuxarı yaşda olan
insanlar üçün məcburi qaydada COVID-19-a qarşı peyvənd tələbini
nəzərdə tutan qanun layihəsini rədd edib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, müvafiq qanun
layihəsi əleyhinə 378, lehinə 296 səslə rədd edilib.

Bundan sonra ölkənin səhiyyə naziri Karl Lauterbax öz “Twitter”
səhifəsində bildirib ki, qanun layihəsindən imtina gələcəkdə
koronavirusla mübarizəni çətinləşdirəcək.

Keçmiş kansler Angela Merkel dövründəki hökumət də Almaniyada
məcburi peyvənddən imtina etmişdi. Bununla belə, həm kansler Olaf
Şolts, həm də səhiyyə naziri Lauterbax belə bir addımın tərəfdarı
qismində çıxış edirlər.

Robert Kox İnstitutunun (RKI) verdiyi məlumata görə, 2021-ci
ilin sonunda Almaniyada həftə ərzində təxminən 7,6 milyon peyvənd
vurulurdusa, hazırda bu rəqəm 338 minə düşüb.