Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların
qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, subbakalavrlar
Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az
səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar)
sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə
etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub “Subbakalavrın
elektron ərizəsi
” formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət
elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə
daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta
ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək.
Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul
şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra
“sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavr
elektron ərizəsini təsdiq etməlidir. Təhsil müəssisələri sistemə
daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət
daşıyır.

Xatırladaq ki, subbakalavrın “Şəxsi kabinet”ində qeyd olunan
mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə,
“Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon
nömrəsində düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar
müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən
ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar
27 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Onlar daha
sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə
də göstərilən tarixədək verilən linkdə (https://eservices.dim.gov.az/erizebak/subbak/)
qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş subbakalavrlar
müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq
tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət
imtahanlarında iştirak ödənişlidir.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında
iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə
bilərlər.

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət
haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can
Respub­likasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin qeydiyyatı ol­malıdır. Möhlət hüququnu və ya çağırışdan
azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi
tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi
qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən
qaydalarla tənzimlənir.

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə
qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali
təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən
abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas
seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas
seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları
(ixtisaslar) üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə
iştirak edəcəklər.

Müsabiqənin keçirilməsi

1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil
müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə
tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin,
bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi
aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd
olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata
keçirilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı
fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə
göstəricilərdən istifadə edilir:

  • Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət
    göstəricisi;
  • Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat,
    xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,
    kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin
    ədədi ortası.

2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz
istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə
abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul
imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində
bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə
müsabiqədə iştirak edə bilər.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını
seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil
aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan
ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil
fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda
iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən “ADA”
Universiteti və Bakı Ali Neft Məktəbinin ixtisaslarına müsabiqə
yolu ilə qəbulu aparılmır.

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz
seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in
müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi minimal müsabiqə şərti
balı ilə müsabiqədə iştirak edə bilərlər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan
asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin
ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri
məlumatlar ixtisas seçiminə qədər “Abituriyent” jurnalının xüsusi
buraxılışında təqdim olunacaq.

Teqlər: