Albaniya və Azərbaycan enerji və turizm sahəsində gələcək addımlar barədə razılığa gəliblər – Baş nazir Edi Rama (Özəl)

Albaniya və Azərbaycan enerji və turizm sahəsində gələcək
addımlar barədə razılığa gəliblər.

Bunu AzerTimes-a özəl müsahibəsində aprelin 14-də Azərbaycanda rəsmi
səfərdə olan Albaniyanın Baş naziri Edi Rama deyib.

“Bizim çox yaxşı münasibətlərimiz var və indi daha çox sərmayəni
təmin etmək, turizm sahəsində əlaqələri genişləndirmək və
xalqlarımız arasında əlaqələri möhkəmləndirməklə əməkdaşlığımızı
gücləndirmək və onu inkişaf etdirmək yollarını müzakirə etməyin
vaxtıdır. İqtisadi əlaqələrimizin daha da genişləndirilməsi üçün
imkanlar var. Ona görə də mən Azərbaycana gəldim və Prezident İlham
Əliyevlə, eləcə də Baş nazir Əli Əsədovla geniş müzakirələrimiz
oldu. Biz enerji və turizm sahəsində gələcək addımlar barədə
razılığa gəldik”, – deyə E.Rama bildirib.

Baş nazir Azərbaycandakı görüşlər zamanı Albaniyaya qaz tədarükü
məsələsini də müzakirə etdiyini qeyd edib.

“Texniki qrup bunun üzərində işə başlayacaq və çox yaxında
bundan sonra nə edəcəyimiz üzrə dəyərləndirmə olacaq”, – deyə
Albaniyanın Baş naziri deyib.

Bundan başqa, E.Rama qeyd edib ki, Albaniya şirkətləri Qarabağa
sərmayə qoymaqda maraqlıdırlar.

“Mən bu barədə Baş nazir Əli Əsədova dedim, o isə buna baxmağa
hazır olduğunu bildirdi”, – deyə E.Rama bildirib.

Albaniyanın Azərbaycandan hansı sahələrə investisiya cəlb etmək
istədiyi barədə sualı cavablandıran Baş nazir enerji və turizm
istiqamətlərini qeyd edib.

“Gələn il biz diplomatik münasibətlərimizin qurulmasının 30
illiyini qeyd edəcəyik və bütün həftəni Albaniyada Azərbaycana həsr
edəcəyik. Hər iki ölkədə səfirliklərin açılması yaxşı olardı”, –
deyə Baş nazir bildirib.

Teqlər: