Akademik Zərifə Əliyevanın xatirəsi onun adını daşıyan məktəb-liseydə anılıb (FOTO)

Xaçmazda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş silsilə
tədbirlər keçirilib. Aprelin 28-də Xaçmaz şəhərindəki Akademik
Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə təşkil olunan anım
tədbirində rayonun fəal qadınları, səhiyyə, təhsil işçiləri eləcə
də icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Trend xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə görkəmli
oftalmoloqun məktəbin həyətində ucaldılmış abidəsinin qarşısına gül
dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel
Nurəddinova çıxış edərək bildirib ki, tanınmış ziyalı nəslinin
layiqli davamçısı, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana, dünya
tibb elminə əvəzolunmaz töhfələr vermiş Zərifə xanımın həyatının
hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir.

Zərifə xanım Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal
ictimai xadim kimi xarakterizə edən tədbir iştirakçıları həkimlik
peşəsini vicdanla yerinə yetirən görkəmli oftalmoloq-alimin
insanların sağlamlığının qorunmasında, göz xəstəliklərinin
qarşısının alınmasında göstərdiyi səylərdən söz açıb, onun humanist
insan olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Zərifə xanım
Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı
tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil
edir.

Rayonun fəal qadınları akademik Zərifə Əliyevanın həyat və
fəaliyyətinin onlar üçün əsl nümunə olduğunu qeyd ediblər. Diqqətə
çatdırılıb ki, görkəmli alim öz qayğıkeşliyi və səmimiyyəti ilə onu
əhatə edən insanların rəğbətini, ehtiramını qazanmışdı. Onun
inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin
irsindən faydalanırlar.

Teqlər: