AİB Azərbaycanda özəl şirkətləri maliyyələşdirməyə hazırdır (Özəl)

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda həyata keçirilən
layihələrə uyğunlaşmaq üçün ölkədəki yerli özəl sektor
şirkətlərini, maliyyə müəssisələrini və dövlət müəssisələrini
maliyyələşdirməyə hazırdır.

Bunu Trend
özəl müsahibəsində AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Kendis Makdeyqan deyib.

“AİB özəl investisiyaların səfərbər edilməsi üçün əlverişli
mühitin yaradılmasına kömək etməklə Azərbaycan hökumətinin özəl
sektorun inkişaf proqramını dəstəkləyir”, – deyə K.Makdeyqan
bildirib.

O xatırladıb ki, AİB və yerli qida və içki istehsalçısı olan
Avrora MMC şirkətin təchizat zəncirini və əməliyyatlarını
dəstəkləmək üçün 5,9 milyon dollar məbləğində kredit müqaviləsi
imzalayıblar.

Qeyd edək ki, Azərbaycan AİB-ə 1999-cu ildə qoşulub. AİB-in
ölkədəki əməliyyatları özəl sektorun inkişafının
stimullaşdırılması, dövlət sektorunun effektivliyinin artırılması,
infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının
möhkəmləndirilməsinə yönəlib.

AİB əsas diqqəti struktur islahatlarının dəstəklənməsinə,
institutların möhkəmləndirilməsinə və innovativ layihələrin
maliyyələşdirilməsinə yönəldir. Bank həmçinin Azərbaycana dayanıqlı
inkişaf sahəsində məqsədlərə nail olmaqda kömək edir.