“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Süni
İntellekt Laboratoriyası (AI Lab) süni zəka sahəsi üzrə ödənişsiz
təlim və təcrübə proqramı elan edir.

Proqram çərçivəsində süni zəkanın əsasını təşkil edən “Data
Science”, “NLP” və “Computer Vision” sahələri dərindən tədris
olunacaq. Təlimdə tələbələr “Python” proqramlaşdırma dilini,
statistikanın seçilmiş mövzularını, “Machine Learning” və “Deep
Learning” kimi sahələri nəzəri və praktiki cəhətdən öyrənəcəklər.
Bununla yanaşı, proqram iştirakçıları “Deep Learning”in əsas
alətlərindən olan “TensorFlow”, “Keras” və “PyTorch” ilə də
yaxından tanış olacaqlar.

İlk dəfə olaraq tələbələr proqram çərçivəsində “AI Lab”ın həyata
keçirdiyi real layihələr üzərində işləyəcəklər. Təlimdə xüsusi
fərqlənənlər üçün iş imkanı yaradılacaq.

Təlimdə iştirak etmək istəyən namizədlər Azərbaycan Süni
İntellekt Laboratoriyasının http://ailab.az/az/jobs
veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçə və ya [email protected] e-poçt ünvanına öz CV-lərini
göndərə bilərlər.

Təlimdə iştirak ödənişsizdir. Müraciət üçün son tarix 15 aprel
2022-ci ildir. Dərslər mayın 5-də başlayacaq və 6 ay davam
edəcək.

Təlimdə iştirak üçün seçim meyarları bunlardır:

kompüter elmləri və ya əlaqəli sahə üzrə bakalavr səviyyəsində
təhsil alan tələbələr və məzunlar; istənilən proqramlaşdırma
dilində ilkin və ya orta səviyyədə bilik (Python arzuolunandır);
alqoritmlər və data strukturları haqqında ümumi anlayış; riyazi
(xüsusilə “Calculus” və xətti cəbr üzrə) bacarıqlar.

Seçim prosesində komanda daxilində işləmək, tədqiqat bacarıqları
və ingilis dilini orta səviyyədə bilmək meyarları da əsas
götürüləcək.

Qeyd edək ki, Azərbaycan Süni İntellekt Laboratoriyası ilk təlim
proqramına 2022-ci ilin yanvar ayında start verib. Hazırda
laboratoriyada 10 tələbə təhsil alır.