Aİ İsveçrəni Şengen zonasından çıxarmaqla hədələyib

Avropa İttifaqı (Aİ) Xarici Sərhədlərin Təhlükəsizliyi
Agentliyinə (Frontex) əlavə məbləğin ödənilməsini dəstəkləməyəcəyi
təqdirdə İsveçrəni Şengen zonasından çıxarmaqla hədələyib.

Trend xəbər
verir ki, bu barədə “The Telegraph” qəzeti yazır.

Mayın 15-də İsveçrədə referendum keçiriləcək və bu referendum
zamanı ölkə vətəndaşları Frontex-in maliyyələşdirilməsində gələcək
iştirakla bağlı qərar verəcəklər. Referendumun təşkilatçıları olan
Sosial Demokratlar və Yaşıllar Partiyası alyansının fikrincə,
“Fronteks”in həyata keçirdiyi miqrasiya siyasəti həddən artıq
sərtləşir və belə bir təşkilata maddi dəstək vermək olmaz..

Aİ 2015-ci il miqrasiya böhranından sonra Frontex işçilərinin
sayını artırmağı planlaşdırır ki, bu da İsveçrənin Şengen zonasının
sərhədlərini qoruyan quruma ödəmələrinin artmasına səbəb olacaq.
2016-cı ildən Frontex Avropa Sərhəd və Sahil Mühafizəsi xidməti
kimi fəaliyyət göstərir.

Brüssel, Bernin Frontex ödənişini 2021-ci ildəki 19,5 milyon
funt-sterlinqdən 2027-ci ildə 49,5 milyon funt-sterlinqədək
artıracağını gözləyir. Aİ həmçinin İsveçrənin agentliyə altı yox,
40 sərhədçini ezam edəcəyini gözləyir.