Ahıl şəxslərin pensiya kartlarından pul oğurlayanlar saxlanılıb (FOTO/VİDEO)

Paytaxtın Nizami rayonunda naməlum şəxs bankomatlardan birinin
qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun
kartında olan 250 manatı ələ keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bu barədə
kart sahibi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə
müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman
kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1
nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən
sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib.
Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə
həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Eyni məzmunlu
şikayətlə Nizami rayon sakini olan daha bir nəfər polisə müraciət
edib. Həmin şəxs isə onun kartından 1000 manatın qeyd edilən üsulla
oğurlandığını bildirib.

Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri
təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni
törətməkdə şübhəli bilinən Namiq Mehdiyev və Nemət Cabbarov
saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayətləri etiraf
ediblər. Araşdırma zamanı onların Ağcəbədi rayonunda da eyni
üsulla, yəni bankomatdan pul çıxarmaq üçün onlardan kömək istəyən
daha bir neçə şəxsin kartından müxtəlif məbləğlərdə pul
oğurladıqları məlum olub.

Qeyd edək ki, Namiq Mehdiyev və Nemət Cabbarov onlardan kömək
istəyən ahıl yaşlı şəxslərin təqaüd kartlarından pul
oğurlayıblar.

Faktlarla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə ciayət işi başlanılıb. Onlar
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu
barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng
Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə
məlumat verə bilərlər.

Teqlər: