AHİK sədri Səttar Möhbalıyev Sahibkarlar Günü münasibətilə keçirilən tədbirdə iştirak edib

Aprelin 25-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin
tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr
olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda
Konfrans keçirilib.

Tədbirdə iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi
nazirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət
qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri,
eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak
ediblər.

Tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev
çıxışında sahibkar və işçilər arasında düzgün münasibətlərin
qurulması, bunun sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə
danışıb: “Prezident İlham Əliyevin gördüyü genişmiqyaslı işlər,
sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində ölkəmiz
bütün sahələrdə öncədən müəyyən olunmuş hədəflərinə çatıb.
Fəxarətlə deyə bilərik ki, ölkəmiz inkişafının ən yüksək
mərhələsini yaşayır və bu, hər bir vətəndaşımızı qürurlandırır.
Ölkəmizin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların
sosial-iqtisadi inkişafı konsepsiyası yeniləşmə, davamlı inkişaf,
sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli
hədəflərin reallaşmasında mühüm rola malikdir. Ölkəmizin iqtisadi
inkişaf strategiyasının mərkəzində sahibkarlığın inkişafı,
əlverişli biznes mühitin yaradılması dayınır. Bu istiqmətdə
mütəmadi olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirilməkdədir. Məhz bunun nəticəsidir ki, bu gün sahibkarlıq ölkə
iqtisadiyyatının əsas aparıcı hissəsini təşkil edir”.

S.Möhbalıyevin sözlərinə görə, hazırda Azərbaycan
iqtisadiyyatında dinamik inkişaf müşahidə olunur: “Statistikaya
əsasən, iqtisadiyyatımız 6,8 faiz artmışdır ki, bu da böyük
nailliyyətdir. Qeyri-neft sektorunda isə bu artım 10 faizi keçir.
Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye
istehsalında 18 faizdən çoxdur. Xarici tcarət dövriyyəmiz 60
faizdən çox artıb. İxracımız təxminən iki dəfə, qeyri-neft
ixracımız 45 faizə yüksəlib”.

AHİK sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası işçilərin sosial-iqtisadi hüquqlarının qorunması və
sosial problemlərinin həllinə diqqətlə yanaşmaqla yanaşı, həssas
əhali qruplarının məşğulluğunun təmin edilməsi üçün bir sıra
addımlar atmaqdadır: “Ölkəmizin sosial-iqtisadi inkişafında
əhalinin daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin,
aztəminatlı ailələrin, işsiz və işaxtaran şəxslərin məşğulluğunun
artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında
əməkdaşlığa dair memorandum imzalanıb. Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası kiçik və orta biznesin inkişafına daim
böyük diqqət yetirir. Yerlərdə bağlanılan kollektiv müqavilələrdə
bu cür məsələlərin əks etdirilməsini, yaranan problemlərin vaxtında
və səmərəli həll edilməsini nəzarət altında saxlayır. Bu zaman
sosial tərəfdaşların iştirakı təmin olunur”.

S.Möhbalıyev əlavə edib ki, Azərbaycanda yeni iş yerləri
yaradılır: “Məqsədimiz işçilərin əmək təhlükəsizliyi və layiqli
əməkhaqqı ilə təmin edilməsidir. Azərbaycanda dövlət büdcəsi
gəlirlərinin 75-80%-i özəl sektorun hesabına formalaşır. Özəl
sektorun inkişafı həmkarlar təşkilatlarının da inkişafına təkan
verir. Əsas istəyimiz layiqli iş yerlərinin yaradılmasıdır. Əmək
təhlükəsizliyi və layiqli əməkhaqqı üzrə ölkədə irəliləyiş var.
Azərbaycan minimum əməkhaqqının artırılmasına görə MDB ölkələri
arasında yuxarı sıralarda dayanır”.

Teqlər: