Ağsu Rayon Polis Şöbəsinə rayonun Hacısəmədli və Muradlı
kəndlərində yerləşən iki mağazanın sahibi onlara məxsus
obyektlərdən naməlum şəxslər tərəfindən ümumi dəyəri 3 000 manat
olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq
məhsullarının oğurlanması barədə məlumat veriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri
təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları
törətməkdə şübəhli bilinən dəstə üzvləri, əvvəllər də məhkum
olunmuşlar-Ağsu rayon sakini Sərxan Hüseynov,Şəki şəhər sakinləri
Nicat Quliyev və Elvin Dursunəliyev, Balakən rayon sakini Tofiq
Hacıyev,eləcə də Ağdaş şəhər sakini Rövşən Qasımov tutulublar.
Onlar cinayət əməllərini etiraf ediblər və birgə oğurladıqlarını
sataraq öz aralarında böldüklərini bildiriblər.
Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin Ağdaş rayonu
ərazisində yerləşən mağazadan da oğurluq etdikləri müəyyən
edilib.
Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi
başlanılıb, dəstə üzvlərinin digər rayonlarda da analoji cinayətlər
törətdikləri istisna olunmur.Onların ətrafında əməliyyat-istintaq
tədbirləri davam etdirilir.