Ağdam. Trend:
Ağdamda V Beynəlxalq “Həmzə Nigari” Simpoziumuna start verilib.
Simpozium Ağdamın Quzanlı qəsəbəsində yerləşəm Muğam mərkəzində
keçirilir.
AzerTimes-ın bölgə müxbiri xəbər verir ki, V Beynəlxalq “Həmzə
Nigari” Simpoziumu Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras”
Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti
Amasiya Universitetinin təşkilatçılığı ilə təşkil olunub. Üç gün
davam edəcək simpoziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin
fikir dünyası və həyatı ilə yanaşı, keçmişdən günümüzə gələn
perspektivlər üzərindən Türk və İslam dünyası araşdırmalarını
dəyərləndirməkdir.
Simpoziumda Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar
Nazim Paşa Quliyevin “Laçın” şikəstəsinin səsləndirilməsi,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim
və tələbələrinin ifasında milli rəqslər, Həmzə Nigari şeirlərindən
ibarət qiraət, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental
ansamblı, Amasiya şəhərinin mədəniyyət müdiri Osman Akbaşdan Həmzə
Nigari ilahiləri, İran Aşıqlar Birliyi üzvlərinin Qarabağa həsr
olunan musiqiləri, Qazax rayonu Aslanbəyli kəndindən meyxana qrupu
və digər maraqlı proqramlar nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya,
Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən
çox alim və tədqiqatçı məruzə ilə çıxış edəcək. Məruzələr Həmzə
Nigari, İsmayıl Şirvani, Nəqşibəndilik, Xəlvətilik, Sufizm, İslam,
Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, Bərpa və konservasiya,
Ədəbiyyat, Sənətşünaslıq araşdırmaları kimi mövzuları əhatə
edəcək.