Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru AQTİ-nin laboratoriyaları ilə tanış olub (FOTO)

Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin (AGES)
icraçı direktoru Tomas Kikincer Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun (AQTİ) laboratoriyalarında olub. AGES rəhbəri
institutun laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış
olub.

Görüş zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
sədri Qoşqar Təhməzli qonaqlara AQTİ-nin fəaliyyət istiqamətləri
haqda ətraflı məlumat verib. Bildirilib ki, institutun
fəaliyyətində əsas məqsəd insanların həyat və sağlamlığının
qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin
etməkdir. Bu məqsədlə AQTİ tabeliyində qida təhlükəsizliyi,
kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16
laboratoriya və regional bölmə fəaliyyət göstərir. Qeyd olunub ki,
İnstitutun tabeliyində olan laboratoriyalarda infrastruktur
beynəlxalq standartlar səviyyəsində qurularaq, ən muasir
avadanlıqlarla təchiz edilib, eyni zamanda burada qida
təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və
karantin nəzarətinin həyata keçirilməsi sahələrində dəqiq müayinə
və analizlər həyata keçirilir.

Laboratoriyalara baxış zamanı qonaqlar Milli Referens
Laboratoriyasının Bioloji müayinələr bölməsində molekulyar-bioloji
sınaqlarının aparılması prosesini izləyib, kimyəvi müayinələr
bölməsinə, fındıqda aflatoksin müayinəsi aparılan maye xromatoqraf
otağına, həmçinin fiziki-kimyəvi sınaqlar, pestisid və antibiotik
qalıqları sınaqları həyata keçirilən laborator otaqlara baxış
keçirilib.

AGES rəhbəri ölkəmizdə müasir texnologiya və avadanlıqlara malik
laboratoriyaların fəaliyyəti və işinin davamlı təkmilləşdirilməsi
istiqamətində görülən işləri yüksək dəyərləndirib.

Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran
istiqamətlər, o cümlədən qida təhlükəsizliyi ilə bağlı normativ
texniki hüquqi aktların Avropa İttifaqı qanunvericiliyinə
uyğunlaşdırılması sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, qida
məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi,
risklərin və böhran vəziyyətlərinin idarəedilməsi ilə bağlı təcrübə
mübadiləsi, laboratoriyaların inkişafı və qurulması sahəsində birgə
əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Tərəflər arasında dinamik inkişafa əsaslanan əməkdaşlıq
münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə
mübadiləsinin davam etdirilməsinin faydalı olacağı da
vurğulanıb.

Teqlər: