Ağdamda aparılan sürətli quruculuq Qarabağın sənaye zonasına çevrilməsinə səbəb olacaq – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərazilər bu gün geniş tikinti meydançasını
xatırladır, tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan, sürətlə
davam etdirilir. Bu işlərlə yanaşı, Azərbaycanın digər
regionlarının inkişafına böyük diqqət ayrılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin üzvü Aydın Hüseynov AzerTimes-ın sualına cavab olaraq
bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam rayonuna
indiyədək bir neçə dəfə səfər edib və mühüm layihələrin təməllərini
qoyublar.

“Ağdama növbəti səfər bu bölgədə tikinti-dirçəliş işlərinin
ahəngdarlığının daha da artdığını və Ağdamın nəzərdə tutulduğundan
da sürətlə “Böyük Qayıdış”a hazırlaşdığını göstərir. Artıq cəmi bir
il keçməsinə baxmayaraq, burada ən zəruri kommunikasiya və sosial
infrastrukturların inşası başa çatdırılıb”, – deyə deputat
bildirib.

Millət vəkili qeyd edib ki, bu səfər olduqca əhəmiyyətli və
Ağdamın gələcək inkişafında həlledici rol oynayan infrastruktur
obyektlərinin, iqtisadi və sosial tipli layihələrin istifadəyə
verilməsi və təməlinin qoyulması ilə yadda qaldı.

“Cənab Prezident İlham Əliyev fevralın 13-də Ağdam rayonunda
səfər çərçivəsində “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o
cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə
Mərkəzinin açılışını etdi. Bununla da rayonun və ətraf bölgələrin
elektrik təminatı məsələsi tam həllini tapdı.

Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və
Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə
Mərkəzi məhz Ağdamda yaradılıb. Eyni zamanda, genişzolaqlı
fiberoptik kabelin çəkilişi Ağdamda ən yüksək ötürmə qabiliyyətli
sürətli internet xəttinin istifadəyə verildiyini göstərir.
Beləlilkə, artıq bu ərazidə həm öz doğma evlərinə dönəcək
insanların, həm də biznes layihələri həyata keçirmək niyyətində
olan sahibkarların elektrik və internet xidmətləri ilə təminatı tam
başa çatdırıldı”, – deyə deputat əlavə edib.

A.Hüseynov dövlət başçısının təməlini qoyduğu Ağdam Sənaye
Parkında iki müəssisənin əhəmiyyəti barədə danışarkən qeyd edib ki,
bu bölgə həm də geniş sənaye zonasına çevrilməklə yerli və xarici
investorların iqtisadi maraq qovşağı kimi xüsusi əhəmiyyət daşıyır:
“Azad edilmiş ərazilər artıq ölkə iqtisadiyyatına reinteqrasiya
edilməkdədir. Ötən ilin sonlarında Cənab Prezident “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkının təməlini qoydu, indi isə Ağdam
Sənaye Parkında ilk işlərə start verilir. Bu o deməkdir ki, Qarabağ
və Şərqi-Zəngəzur sənaye sektorunun, xüsusilə də qeyri-neft
sənayesinin əsas güc mərkəzlərindən birinə çevriləcəkdir. Xüsusilə
də Ağdamın strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin
qovuşuğunda yerləşməsi, insan resursları potensialı və
infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye
mərkəzinə çevrilməsi imkanlarını genişləndirir”.

Millət vəkili əlavə edib ki, Ağdam həm də turizmin
perspektivləri baxımından cəlbedici bölgədir: “Ağdam şəhərində inşa
olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin
qoyulması bu baxımdan turizmin inkişafı üçün əlverişli imkanlar vəd
edir. “Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən
Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın
inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm
potensialının inkişafına mühüm töhfə verəcək”.

A.Hüseynov Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 209 mənzildən
ibarət yeni yaşayış kompleksinin təməllərinin qoyulmasını öz doğma
torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin
olunmasını tezləşdirən mühüm faktor kimi qiymətləndirib. O bildirib
ki, Ağdamın böyük quruculuq işlərində mühüm yer alması sosial
əhəmiyyət kəsb etməklə, vətəndaşlarımızın işğaldan azad edilmiş
ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin
iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Ağdam
rayonunda əsası qoyulan iqtisadi inkişaf layihələri birbaşa
regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla,
əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə
çatdırılmasının təmin edilməsini nəzərdə tutur.

Millət vəkili Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədiyə səfərini
də əhəmiyyətli iqtisadi və sosial hadisə kimi dəyərləndirib.

O bildirib ki, Ağcabədidə Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd
avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi azad
edilmiş ərazilərdə nəqliyyat infrastrukturları şəbəkəsinin
çoxşaxəli qovşağa çevrilməsində mühüm rol oynayır.

“Eyni zamanda, Ağcabədidə DİN-in Daxili Qoşunlarının yeni inşa
edilən hərbi şəhərciyinin açılışı bu bölgənin təhlükəsizliyinin
daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Bununla yanaşı,
“Ağcabədi”də yeni elektrik yarımstansiyasının açılışı da bu
bölgənin vahid enerji sistemlərində birləşməsinə imkan verəcəkdir.
“Ağcabədi taxıl Aqropark”ının yaradılması isə bu bölgənin aqrar
sahənin inkişafında rolunu artıracaqdır. Aqropark kənd təsərrüfatı
məhsullarının emalı və sənaye komplekslərinin mərkəzi kimi bu
bölgənin ərzaq təminatında da əhəmiyyətli rol oynayacaqdır”, – deyə
deputat əlavə edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə
AzerTimes-a açıqlamasında
qeyd edib ki, bütün bu səfərlər Qarabağın dirçəliş prosesinin
tərkib hissəsi kimi qiymətləndirə bilərik.

“Cənab Prezident son illərdə ölkə üzrə bütün təmir-bərpa
işlərilə şəxsən yaxından tanış olur. Bu da abadlıq-quruculuq
işlərinə olan nəzarətin bəhrəsidir ki, artıq ölkəmiz gündən-günə
gözəlləşir, abadlaşır.

Ermənistan bizim torpaqlarımızı işğal edərək bütün
infrastrukturu dağıdıb. Lakin bu gün Qarabağda quruculuq işləri
ardıcıllıqla həyata keçirilir. Dövlətimizin başçısı bununla bağlı
tez-tez tapşırıqlar verir, tövsiyələrini bildirir. Xalqımızın istək
və arzularını reallaşdırmaq niyyətində olan prezidentimiz çalışır
ki, azad olunan ərazilərimizdə tezliklə həyat bərpa olunsun,
insanlar firavan, ömürlərini ata-baba yurdlarında davam
etdirsinlər. Qarabağ tamamilə müasir üslubda, qədimliyini qoruyaraq
bərpa olunur”, – deyə deputat bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq və
abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin
dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə
rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması,
bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri
stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq,
Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 28 may tarixli
1347 nömrəli Fərmanı ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı
yaradılmışdır.

“Cənab Prezident Ağdama sonuncu səfəri zamanı bu sənaye parkının
təməlini qoymuşdu. Artıq bu dəfə Ağdam şəhərində sənaye parkının
ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək
yeni müəssisələrin əsası qoyuldu. Müasir istehsal infrastrukturuna
malik sənaye parkının yaradılması Qarabağda sənaye sahələrinin
inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin
edilməklə yanaşı, istehsal sahələrinin və onun innovasiya
istiqamətinin inkişafını nəzərdə tutur.

Bu, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də
rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının
artırılması, işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmini,
investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi
vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətli
olacaqdır. Bu müəssisədə açılacaq olan yeni iş yerləri Ağdam
əhalisinin işsizlik kimi bir problemlə üzləşməsinin qarşısını
alacaq.

Bəs, bu müəssisələr necə açılacaq? Bunun üçün dövlət və yerli
sahibkar birliyi gərəklidir. Başqa ölkələrə yatırımlar edən iş
adamları öz doğma torpaqlarımıza investisiya qoymaqla dirçəliş
prosesini daha da tezləşdirməlidirlər.

Dövlətimiz sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir.
Əlbəttə ki, bölgələrdə qurulacaq olan infrastruktur layihələrinin
icrası sahibkarlıq üçün gözəl imkanlar yaradır”, – deyə deputat
əlavə edib.

Teqlər: