Ağdam Cümə Məscidi belə bərpa edilir – Trend TV-nin reportajı (FOTO/VİDEO)

Ağdam şəhərindəki Cümə Məscidində təmir-bərpa işlərinə start
verilib. Bərpa işləri Heydər Əliyev Fondu tərəfindən aparılır.
Məscidin əvvəlki görkəminə xələl gəlməməsi üçün bütün prosesə
həssaslıqla yanaşılır.

AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu Ağdamda olub, məscidin
restavrasiya prosesini izləyib.

Ağdam Cümə Məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan
Qarabaği tərəfindən inşa olunub. Cümə məscidi Ağdamın işğalı
dövründə nisbətən az dağıntıya məruz qalmış yeganə tikilidir.

Restavrasiyası ilə bağlı layihənin icrası üçün Avstriyanın
“Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb.
Əvvəlcə məscidin örtük və sement birləşmələri tamamilə çıxarılıb.
Burada həyata keçirilən bütün işlər tarixi kərpiclərin
zədələnməməsi üçün əl ilə həyata keçirilir. Bərpa prosesi zamanı
fasadlar təmizlənir, zədələnmiş və ya qırılmış kərpiclər bərpa
edilir, karxana daşı hörgüsü əhəng əsaslı birləşmiş məhlul ilə
yenidən işarələnir.

Restavrasiya işlərinin rəhbəri Roman Burger Trend TV-yə bildirib
ki, işlər sürətlə davam edir: “Mən buraya gələndə məscid çox
dağılmışdı, bərbad vəziyyətdə idi. Üzərində də mərmər döşəmələr var
idi. İlk işimiz mərmərləri çıxarmaq oldu. Sonra fasadı təmizlədik.
Buranın fasadında sement birləşmələrindən istifadə olunmuşdu. Biz
həmin birləşmələri təmizlədik. İndi həmin daşların arasını açırıq
ki, restavrasiyada əhəng əsaslı birləşmiş məhluldan istifadə
edəndə, o daşları bir-birinə yapışdırsın”.

Tarixi görüntülərdən də aydın olur ki, məscid əvvəlcə taxta dam
örtüyü ilə örtülüb, kərpic günbəzlər damın altında havadan və
küləkdən qorunub. Müsahibimiz bildirir ki, ilkin mərhələdə damın
bütün landşaftı son biogen artımından azad ediləcək, qübbələr
üzərində qırılan hörgü birləşmələri və gips örtükləri çıxarılacaq.
Konservasiya zamanı çatışmayan, zəifləmiş və ya qeyri-sabit hörgü
və tonoz konstruksiyaları yenilənəcək:

“Növbəti mərhələdə biz minarələri təmizləyəcəyik. Eyni
gördüyünüz bu iş minarələrdə də tətbiq olunacaq. İşin bitməyi və
gedişatı hava şəraitindən asılıdır. Nə çox yağışlı hava bizə sərf
eləyir, nə də çox isti. Ümüd edirik ki, yay çox isti keçməyəcək.
Havalar çox isti olmadığı halda çalışacağıq ki, maksimum tez
işləyib məscidi əvvəlki görünüşünə qaytaraq”.

Həmçinin məscidin namaz zalında əsas kərpicdən başqa bütün gips
çıxarılaraq, sonrakı mərhələ üçün hazırlanacaq. Bütün otaqlarda
əhəng əsasında yeni, üçqatlı suvaq sistemi tətbiq ediləcək, son
qatda ilk versiyaya uyğun mineral boya tətbiq olunacaq. Nəzərə
alsaq ki, məscidin mehrabı hazırda qəzalı vəziyyətdədir, burada da
işlərin aparılması nəzərdə tutulur. Qeyd edək ki, bərpa işləri
bütövlükdə tarixi görünüşə xələl gəlmədən həyata keçiriləcək.

Trend TV-nin hazırladığı videoperportajı təqdim edirik.

Teqlər: